Qızılcaya yoluxmuş şagirdə qaib yazıla bilərmi?

“Məlumdur ki, hazırda şagird və tələbələr arasında qızılca xəstəliyinə tutulmuş şəxslər var. Həmçinin bədbəxt hadisə nəticəsində xəsarət alan tələbələr olur. Bu zaman onların dərsdə iştirak etməməsi üzrlü hesab olunmur”.

Globalinfo.az xəbər verir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov deyib.

“Düzdür, insani nöqteyi-nəzərdən düşünə bilərik ki, bu, məcburi dayanmadır və aradan qaldırılması həmin şəxsin əlində deyil. Amma qüvvədə olan “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nda qeyd olunur:

Maddə: 3.2.23. Fənn üzrə ayrılmış auditoriya saatlarının 25 faizindən çoxunda iştirak etməyən tələbə (Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Kollegiyası tərəfindən idman növləri üzrə təsdiq edilmiş milli yığma komandaların üzvləri olan idmançı-tələbələr istisna olmaqla) həmin fəndən imtahana buraxılmır. Bu hədd ali təhsil müəssisəsi tərəfindən azaldıla bilər”, – deyə ekspert qeyd edib.

K.Əsədovun sözlərinə görə, universitet, kollec öz fəaliyyətini qüvvədə olan qanunvericilik aktlarına istinadən təşkil edir:

“O da düzdür ki, tələbə yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət ala, yoluxucu xəstəliyə düçar ola bilər. Bu zaman onun tibbi məntəqədə xəstəliyə aid qeydiyyat vərəqi (kartoçka) açılır. Amma bu sənəd ona dərsdə iştirak etməməsini üzrlü saymağa əsas vermir. Beləliklə tələbənin bu və ya digər səbəblərdən semestr müddətində tələb olunan müddətdən artıq dərsdə iştirak etməməsi onun həmin fəndən imtahanda iştirak etməsini məhdudlaşdırır və o kəsilmiş hesab olunur.

Lakin universitet rəhbərliyinin daxili nizamnaməsinə görə, istərsə (amma məcbur və borclu deyil) o tələbənin qaiblərini üzrlü hesab edə bilər”.

Zaira Akifqızı
Globalinfo.az