“Qırmızı kitab”ın lll nəşri təqdim edilir – YENİLƏNİB

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş Bioloji müxtəlifliyin qorunması mövzusunda konfrans və “Qırmızı kitab”ın III nəşrinin təqdimatı keçirilir.

Globalinfo.az verir ki, konfransda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli və digər rəsmi qonaqlar iştirak edirlər.

***13:00

“Qırmızı kitab”ın III nəşri təqdim edilir.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan Respublikasının “Qırmızı kitab”ının yeni nəşrinin təqdimatı keçirilir.

İki cilddə olan “Qırmızı Kitab”ın III nəşrində nadir, nəsli kəsilmək təhlükəsi altında olan 241 fauna növü (152 onurğalı, 89 onurğasız) və 460 flora növü (423 bitki: 383 ali, 15 all sporlu, 6 mamır, 14 şibya, 5 yosun; 37 göbələk) öz əksini tapıb.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarından nadir və nəsli kəsilmək təhlükəsində olan növlər də öyrənilərək III nəşrə daxil edilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2000-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qırmızı Kitabı haqqında Əsasnamə”yə uyğun olaraq “Qırmızı Kitab”ın hər 10 ildən bir nəşri nəzərdə tutulub.