1781953387 1781501725 1 11

Azərbaycanda QHT-lərin maliyyələşdirilməsinin “bir pəncərə” prinsipi əsasında həyata keçirilməsi vətəndaş cəmiyyəti nümayəndələri tərəfindən müsbət qarşılanıb.

Globalinfo.az QHT.az-a istinadla ictimai birlik sədrlərinin mövzu ilə bağlı fikirlərini təqdim edir:

“Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal bildirib ki, müxtəlif dövlət qurumları tərəfindən QHT-lərin müsabiqə yolu ilə, müsabiqədənkənar qaydada, dövlət sifarişləri və subsidiya formasında maliyyələşdirilməsinin vahid mexanizm əsasında həyata keçirilməsi zərurəti uzun müddətdir gündəmdə idi:

“Bu sahədə müəyyən subyektiv yanaşmalar mövcud idi. Prezidentin müvafiq Fərmanı ilə bu məsələdə QHT Agentliyinə mühüm missiyanın həvalə edilməsi prosesdə şəffaflığın təmin olunması, daha çox QHT-nin müsabiqələrdə iştirakı və layihələrinin dəstəklənməsi, eləcə də effektiv koordinasiyanın qurulması baxımından olduqca əhəmiyyətlidir”.

1781953387 1781501725 1 12

Aqil Camal

Qarabağ İtkin Ailələri” İctimai Birliyinin sədri Könül Behbudova isə qeyd edib ki, son illərdə ölkəmizdə QHT sektorunun inkişafı istiqamətində mühüm addımlar atılıb və vətəndaş cəmiyyətinin gücləndirilməsi üçün yeni imkanlar yaradılıb:

“İnanırıq ki, vətəndaş cəmiyyətinin daha da güclənməsi və dəstəklənməsi ölkəmizin inkişafına, sosial həmrəyliyin möhkəmlənməsinə xidmət edəcəkdir”.

1781953387 1781501725 1 13

Könül Behbudova

“Qlobal Media və Siyasət Araşdırmaları” İctimai Birliyinin sədri Azər Ayxan da QHT sektorunda şəffaflığın və faydalılığın artırılması istiqamətində görülən işlərin əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, QHT-lərin “bir pəncərə” prinsipi ilə maliyyələşdirilməsi bu sahədə effektivliyi daha da artıracaq:

“Hər yenilik inkişafa xidmət edir. Prezidentin bu Fərmanı QHT sektorunun inkişafına yeni təkan verəcək və subyektiv amillərin aradan qalxmasına səbəb olacaq”.

1781953387 1781501725 1 16

Azər Ayxan

Nazirlər Kabineti tərəfindən QHT-lərin maliyyələşdirilməsi ilə bağlı “bir pəncərə” sisteminin tətbiqinə dair qaydaların təsdiq edilməsi vətəndaş cəmiyyəti institutlarının inkişafı baxımından mühüm addımdır.”

Qaydalarla ilkin formada tanış olduğunu bildirən “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə qeyd edib ki, sənəddə kifayət qədər müsbət istiqamətləri əhatə edən vacib məqamlar yer alıb. Onun sözlərinə görə, qaydaların daha geniş və detallı şəkildə öyrənilməsinə ehtiyac olsa da, ilkin baxışdan bir sıra yeniliklərin QHT sektoru üçün yeni imkanlar yaratdığı görünür.

“Vacib məqamlardan biri odur ki, QHT-lərin fəaliyyəti ilə bağlı Azərbaycan Respublikasının Prezidentinə illik hesabatlar təqdim olunacaq. Bu, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə verilən önəmin daha bir göstəricisidir”, – deyə Cəsarət Hüseynzadə bildirib.

O qeyd edib ki, kiçik qrantların məbləğinin 30 min manata qədər artırılması, eyni zamanda böyük qrantlar üzrə yuxarı həddin aradan qaldırılması QHT-lər üçün daha geniş fəaliyyət imkanları yaradır. Vahid məlumat bazasının yaradılması isə şəffaflıq, hesabatlılıq və sistemlilik baxımından müsbət nümunə kimi qiymətləndirilməlidir.

Cəsarət Hüseynzadənin sözlərinə görə, yeni qaydaların xüsusi məqamlarından biri də maliyyələşmə mexanizmlərinə spesifik yanaşmanın tətbiqidir:

“Müxtəlif fəaliyyət formatları bir-birindən fərqlənə bilər. Bu baxımdan maliyyələşmə mexanizmlərində spesifik yanaşmanın qorunması vacibdir. Qaydaların bu prinsip əsasında həyata keçirilməsi nəticələrin daha da yaxşılaşmasına və görülən işlərin effektivliyinin artmasına xidmət edəcək”.

İctimai Birlik sədri bildirib ki, bütün bunlar Cənab Prezident İlham Əliyevin son illərdə vətəndaş cəmiyyətinə göstərdiyi xüsusi diqqətin nəticəsidir. Dövlət başçısının QHT sektoruna inamı, bu sahədə keçirilən tədbirlərə diqqəti və müxtəlif müraciətlərində vətəndaş cəmiyyətinin rolunu xüsusi vurğulaması QHT-lər üçün yeni imkanlar açır.

“Hesab edirəm ki, qəbul edilən bu qaydalar dövlətimizin yeni çağırışlarına uyğun olaraq QHT sektorunun daha çevik, şəffaf və səmərəli fəaliyyət göstərməsinə mühüm töhfə verəcək”, – deyə Cəsarət Hüseynzadə vurğulayıb.

1781953387 1781501725 1 15

Cəsarət Hüseynzadə

QHT nümayəndələrinin fikrincə, yeni mexanizm vətəndaş cəmiyyəti institutlarının dövlət qurumları ilə əməkdaşlığını daha sistemli, şəffaf və nəticəyönümlü formada təşkil etməyə imkan verəcək.

Paylaş: