İsrailin 2023-cü ilin oktyabrından etibarən Qəzza zolağı və Qərb Şəriyədə həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində təhsil sektorunda da ciddi itkilər qeydə alınıb.
Globalinfo.az xəbər verir ki, Fələstin Təhsil Nazirliyi 5 oktyabr – Dünya Müəllimlər Günü münasibətilə yaydığı açıqlamada bölgədə müəllimlərin üzləşdiyi vəziyyətlə bağlı məlumatları açıqlayıb.
Nazirliyin məlumatına görə, İsrailin hücumları nəticəsində indiyədək 800 müəllim həyatını itirib, 3 300-dən çox müəllim yaralanıb. Bundan başqa, 170-dən artıq müəllimin itkin düşdüyü və ya qaçırıldığı bildirilib.
Açıqlamada qeyd olunub ki, Qəzza və Qərb Şəriyədə təhsil infrastrukturu genişmiqyaslı dağıntılara məruz qalıb. Fələstin tərəfi təhsil işçilərinin təhlükəsizliyinin təmin olunmasının və təhsil hüququnun qorunmasının vacibliyini vurğulayıb.