Qətlə yetirilən cüdoçunun ailəsi ilə bağlı yeni faktlar: “Bir yaşı olarkən…”

27 noyabr tarixində Bakının Şağan qəsəbəsində yerləşən idman arenasında qətlə yetirilən 16 yaşlı Tural Rüstəmovla bağlı yeni faktlar üzə çıxıb.

Globalinfo.az-ın əldə etdiyi məlumata görə, cinayət hadisəsindən sonra mərhum Tural Rüstəmovun anasının səhhətində ciddi problem yaranıb, hazırda həkim nəzarəti altındadır. T.Rüstəmovun anasının febril qıcolmadan əziyyət çəkdiyi qeyd edilib.

Məsələ ilə bağlı başqa bir diqqət çəkən məqam isə Turalın valideynlərinin onun hələ bir yaşı olarkən ayrılmasıdır. Bundan başqa, Tural evin tək oğlu olub, özündən böyük iki bacısı var.

Turalın təhsil aldığı məktəbin direktoru Günay Xəlilova bir qədər əvvəl mətbuata bildirib ki, o, anasına həddindən artıq bağlı olub:

“Tural dərslərinə bacardığı qədər fəal yanaşırdı. İdman dərsinə çox marağı var idi. Tez-tez anasına “çalışıb məşhur idmançı olacağam, çox pul qazanıb səni işləməyə qoymayacağam” deyirdi”.

Həmçinin o da qeyd edilib ki, Turalgil əslən Yevlax rayonundan olsa da, Mingəçevir şəhərində məskunlaşıblar.

Qeyd edək ki, noyabrın 27-də Bakının Şağan qəsəbəsində qətl hadisəsi törədilib. 2002-ci il təvəllüdlü, Sumqayıt şəhər sakini Ruslan Səfixanov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı 2006-cı il təvəllüdlü Tural Rüstəmova bıçaqla xəsarətlər yetirərək onu öldürüb.

Hadisəni törədən Ruslan Səfixanov saxlanılıb. Qətllə bağlı araşdırma aparılır.

Zaira Akifqızı
Globalinfo.az