Qərbin gerçək İran planı budur: artıq hazırlıq gedir – ŞƏRH

“ABŞ-nin Müharibə Tədqiqatları İnstitutu İrandakı aksiyaların və tətillərin genişlənəcəyi barədə məlumat yayıb”.

Globalinfo.az bildirir ki, bunu siyasi şərhçi Kənan Novruzov qeyd edib:

O, İranda vətəndaş müharibəsinin qarşısının alınması məqsədilə referendum keçirilməsi ilə bağlı təkliflərin səsləndirildiyini deyib.

“Əvvəllər də dediyimiz kimi, İranda etirazların yaxın vaxtda başa çatacağı gözlənilmir. Əksinə, mitinqlər getdikcə genişlənəcək. Böyük ehtimalla, nümayişçilər öz məqsədlərinə çatanadək etiraz dalğasını davam etdirəcəklər.

Mitinqlər kifayət qədər mütəşəkkildir. Əlbəttə, kənar dəstək olmadan bunu bacarmaq mümkünsüz olardı. Nümayişçilər təkbaşına bunu bacarmazdılar, aksiyalar ən qısa vaxtda yatırılardı.

Çox güman, İrandakı durum getdikcə daha da gərginləşəcək. Bir yandan daxili proseslər, digər yandan isə xarici təzyiqlər molla rejiminin işini çətinləşdirir.

İraqın İranın tələblərini yerinə yetirəcəyi, qanunsuz silahlı birləşmələri tərk-silah edəcəyi inandırıcı görünmür. Qərbin proseslərdə maraqlı olduğunu nəzərə alsaq, deməliyik ki, ABŞ və müttəfiqləri buna icazə verməz. Çünki Qərb məhz həmin silahlı birləşmələrdən istifadə edərək İran üçün “bataqlıq” yaradır.

Beləliklə, İranla İraq arasında gərginliyin daha da artacağı gözlənilir.

Referendum barədə ehtimallara gəldikdə isə düşünürəm ki, bu da istisna deyil. Əgər gərginlik bir az da davam edərsə, ölkədə, həqiqətən, referendum elan edilə bilər. Qərbin istədiyi də elə budur”.

Gülnar Səlimova
Globalinfo.az