Qərbi Azərbaycana qayıdacağıq

İnkişafa Doğru İnteqrasiya İctimai Birliyi Azərbaycanın tarixi ədalətə söykənən mövqeyindən, real həqiqətlərə, tarixi faktlara əsaslanan siyasətindən geniş bəhs edərək bu əminliyi böyük qürur hissi ilə bildirib ki, Qərbi Azərbaycana qayıdacağıq.

Globalinfo.az bildirib ki, dövlət başçısı İlham Əliyev ötən il dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə bildirmişdir ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar.  Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar.

Son bir ilə yaxın dövrdə Qərbi Azərbaycana qayıdışın təmin edilməsi istiqamətində atılan addımların miqyasına diqqət yetirmək kifayətdir. Qərbi Azərbaycana Qayıdış Konsepsiyası təsdiqlənib və burada görülən və görüləcək işlər öz əksini tapıb. Həqiqətlərimizin təbliği istiqamətində mühüm addımlar atılır. Bununla bağlı beynəlxalq əhəmiyyətli konfranslar təşkil edilir.  Dekabrın 5-də keçirilən  Qərbi Azərbaycan İcması tərəfindən Bakı şəhərində təşkil edilən “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışını təmin etmək: Qlobal kontekst və ədalətli həll” mövzusunda beynəlxalq konfrans da bunun bariz nümunəsidir. Qərbi Azərbaycan bizim tarixi torpağımızdır. Bunu  tarixi sənədlər,  xəritələr təsdiqləyir. Lakin ermənilər Qarabağda olduğu  kimi, Qərbi Azərbaycanda da  bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər. Təbii ki, məqsəd azərbaycanlıların tarixi irsini silməkdir. Ancaq unudurlar ki, bununla nəyəsə nail olmaq mümkün deyil. Çünki tarix faktlara, real həqiqətlərə əsaslanır.  Xalqımız tam əmindir ki, dövlətimizin tarixi ədalətə söykənən  qətiyyətli mövqeyi nəticəsində tezliklə   Qərbi Azərbaycana qayıdışımız reallaşacaq.