Almaniyanın “Tagesschau” nəşrinin yaydığı məlumata görə, yaxın zamanlarda Almaniya ərazisində 3 silah sistemi yerləşdiriləcək və onlar gələcəkdə Rusiya ərazisinə zərbələr üçün istifadə edilə biləcək. Bu sistemlərin ortamənzilli olacağı və nüvə döyüş başlıqları ilə təchiz ediləcəyi də bildirilir.
Qərb Rusiya ilə nüvə müharibəsinə hazırlaşır?
Globalinfo.az-a danışan politoloq Sultan Zahidov deyib ki, son vaxtlar NATO daxilində Rusiya-Ukrayna müharibəsi ilə bağlı ciddi böhran əlamətləri sezilir:
“Bunun əsas səbəbi Ukraynanın cəbhədə uğur qazana bilməməsidir. Kursk əməliyyatı da nəticə vermədi. Belə ki, Rusiyanın bir neçə məntəqəni geri qaytardığı ilə bağlı məlumatlar var. Donbasda Vuhledar kimi strateji əhəmiyyətli məntəqə ələ keçirilib. Cəbhədə vəziyyət heç də Kiyevin xeyrinə deyil. İkinci məsələ isə ABŞ-da keçiriləcək prezident seçkiləri ilə əlaqədardır. Donald Trampın qalib gəlməsi NATO-nu daha da zəiflədə bilər. Çünki Tramp heç zaman Alyansa ciddi əhəmiyyət verən rəhbər olmayıb. Hətta NATO ölkələrindən tələb edib ki, ya pul versinlər, ya da öz müdafiələrini təşkil etsinlər. ABŞ-ın Avro-Atlantik məkana ayıracağı diqqətin azalması fonunda artıq NATO ölkələri öz müdafiələrini təmin etməyə məcbur ola bilərlər”.
Politoloqun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putinin nüvə təhdidləri, Belarusda taktiki nüvə silahlarını yerləşdirməsi Rusiyaya yaxın yerləşən Avropa ölkələrini ciddi narahat etməyə başlayıb:
“Almaniyada nüvə başlıqlı silah sistemlərinin yerləşdirilməsi təsadüfi deyil. Lakin nüvə müharibəsi ehtimalı azdır. Nüvə müharibəsi bütün tərəflər üçün dağıdıcı olacaq və burada heç kim qələbə əldə etməyəcək. Rusiyanın mümkün hücumuna qarşı NATO öz şərq cinahını qüvvətləndirməli idi. Almaniya buna görə müdafiə tədbirləri görür. Ramştaymda NATO ölkələrinin başçılarının görüşünün keçirilməsi nəzərdə tutulmuşdu. Lakin o da təxir salındı. Oktyabrın 17-18-də bənzər görüşün keçirilməsi planlaşdırılır. Burada olduqca vacib məsələlərin müzakirəsi gözlənilir. Çünki Ukrayna həqiqətən də böyük çətinliklər yaşayır. Əgər Rusiyanın irəliləməsini istəmirlərsə, Kiyevə veriləcək silahların miqdarı, keyfiyyəti artırılmalıdır. Digər tərəfdən Almaniya Ukraynaya “Taurus” uzaqmənzilli raketləri verməkdən imtina etdi və NATO-ya üzvlük məsələsinə yaşıl işıq yandırmadı. Bu da rəsmi Berlinin ikili siyasətindən xəbər verir”.
Safura Bənnayeva
Globalinfo.az