İnqilab ssenarisi: Putini “taxtından” endirmək üçün vaxt seçildi – Kritik tarix

Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin deyib ki, Qərb Rusiyada inqilab təşkil etmək istəyir.

“Müxtəlif ölkələrdə öz maraqları naminə dövlət çevrilişi edə biləcəyinə inanan Qərb Rusiyada inqilab təşkil etməyi düşünür, amma buna nail olmayacaq, – o deyib.

Maraqlıdır, Sergey Narışkin iddiası nə dərəcədə doğrudur? Rusiyada prezident seçkilərindən əvvəl belə bir açıqlamanın verilməsi nədən xəbər verir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Tural İsmayılov deyib ki, Sergey Narışkinin iddiası real yanaşmadır:

“Həqiqətən də Qərb Rusiyada inqilab etmək istəyir. Qərb imperializmi dünyada xaos yaratmağa davam edir. İmperializmin tarixi və elmi əsasları da göstərir ki, Qərb qarışıqlıq yaratmaq istədiyi  ölkələrdə seçki dövrünü daha uyğun hesab edir.

Seçkilərdən sonra xalq real nəticə gözləyir, hakimiyyət isə yeni komanda ilə işə başlayır. Belə olanda gərginliyin artma ehtimalı olur. 2024-cü ildə Rusiya başda olmaqla dünyanın bir çox ölkəsində seçki keçiriləcək. Yenə qlobal imperializm üçün ən uyğun vaxtdır. Buna görə də böyük dəyişikliyin olması mümkündür.

Tural İsmayılov

Sergey Narışkin də bu reallıqlar əsasında qeyd edir ki, Qərb Rusiyada inqilab təşkil etmək istəyir. Qərb təxribatları artırmaq üçün təsir ocaqlarını aktivləşdirib, agentura şəbəkələrini işə salacaq. Burada ən önəmli faktor mövcud iqtidardan narazı, fərqli ideoloji görüşə sahib gənclərin küçələrə çıxmasıdır. İnqilab ssenarisinin əsas təkanverici qüvvəsi məhz onlardır. Lakin Qərbin bu planının baş tutacağına inanmıram, çünki Putinin əleyhdarları qədər onu dəstəkləyən, sevən insanların sayı da kifayət qədər çoxdur”.

Turan Rzayev
Globalinfo.az