Aİ Ermənistanın Azərbaycanla sərhədindəki missiyasını gücləndirir. Bunu Avropa İttifaqının Xarici əlaqələr və təhlükəsizlik üzrə ali nümayəndəsi Cozep Borell deyib. Artıq Bakı neçə aydır bu tendensiyanı xüsusi narahatlıqla izləyir. İddia edilir ki, Avropa İttifaqının vasitəsilə bölgəyə NATO gələ bilər.
Maraqlıdır, “mavi dəbilqəli” kimi tanınan NATO sülhməramlılarının bölgəyə gəlişi hansı halda mümkün ola bilər? Bu Azərbaycan və region üçün hansı perspektivlər yaradar?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, NATO və ya Aİ sülhməramlı missiyası Azərbaycan üçün təhlükə deyil:
“Rəsmi Bakı onsuz da NATO ilə sıx əməkdaşlıq edir. Ordumuz alyansın aparıcı üzvlərindən olan Türkiyə standartlarında tərtib edilir. Bu belə onu deməyə əsas verir ki, Azərbaycan ordusu NATO standartlarında qurulur. İkinci Qarabağ müharibəsində ordumuzun parlaq qələbə qazanmasının bir səbəbi də budur.
Elxan Şahinoğlu
Ermənistan başa düşür ki, ordusunu NATO standarlarında tərtib etməlidir. Təsadüfi deyil ki, Ermənistan müdafiə nazirinin müavini bu yaxınlarda Almaniyaya səfər etdi. O, ABŞ hərbi qüvvələrinin komandanlığı ilə görüşərək onlardan Ermənistan ordusunu yeniləmələri üçün dəstək vermələrini xahiş edib. Yəni Ermənistan da artıq buna can atır.
Lakin bu proses düşünüldüyü qədər asan və sadə deyil. Belə ki, Ermənistan ordusundakı zabit heyəti sovet dövründən qalıb. Yəni onların belə bir dəyişikliyi rahatlıqla qəbul etməsini gözləmək sadəlövhlük olardı”.
Politoloqun sözlərinə görə, Azərbaycanın Ermənistana hücum etmək, torpaqlarını işğal etmək niyyəti yoxdur:
“20 sentyabrdan bu yana heç bir insident qeydə alınmayıb. Bunun özü belə göstərir ki, Azərbaycan özü üçün problem gördüyü əsas məsələni həll edib. Rəsmi Bakının Ermənistanın beynəlxalq hüquqla tanınan ərazilərinə iddiası yoxdur. Buna baxmayaraq, Ermənistan Azərbaycanın adını tez-tez hallandırır. Aydın məsələdir ki, bu yolla rəsmi Bakını sıxışdırmaq istəyirlər. Hətta mümkün olarsa, bizə qarşı beynəlxalq təzyiqin yaradılmasına çalışılır”.
Turan Rzayev
Globalinfo.az