
Qəzaya uğrayan AZAL təyyarəsi ətrafında sular durulmur. Hadisə ilə bağlı ilkin nəticələrin açıqlamasından sonra nə Rusiya prosesin sürətlənməsinə çalışır, nə də Braziliya, Qazaxıstan kimi digər cavabdeh ölkələr. Bu isə arxa planda müəyyən təzyiqlər və ya təsirlərin olması istiqamətində şübhələri artırır. Qeyd edək ki, hazırda araşdırmanı Azərbaycan, Braziliya, Qazaxıstan və Rusiyadan olan ekspertlər aparır.
Yekun cavablar niyə ləngiyir? Rusiya məsul ölkələrə təsir edə bilərmi?
Globalinfo.az-a danışan politoloq Vəli Əlibəyov deyib ki, ilkin nəticələrlə yekun nəticələr arasında böyük fərqin olacağını düşünmür:
“Ola bilsin, bundan sonra daha ətraflı məlumat veriləcək. Düşünmürəm ki, kiməsə təsir etsinlər. Əgər bu olsa, ilkin nəticələr açıqlanmazdı. Həm də bunu elə Qazaxıstan açıqladı, bundan sonra da problem olmayacaq. Mümkündür ki, sırf texniki məsələlərə görə yekun nəticələrin elan olunması uzanır. Bəlkə də, qaydalara görə tam nəticənin açıqlanması vaxt aparacaq. Dediyim kimi, Qazaxıstanla Braziliya Rusiyadan çəkinsəydi, heç ilkin nəticə də elan edilməzdi. Elan olunsa idi belə, bu, Rusiyanın mövqeyi ilə üst-üstə düşərdi”.

Vəli Əlibəyov
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsi ötən il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb. Qazaxıstan Nəqliyyat Nazirliyinin ilkin hesabatına əsasən, təyyarənin “Pansir S-1” HHM sistemi ilə vurulduğu təsdiq edilib.
Zaira Akifqızı
Globalinfo.az