Qənirə Paşayevanın əmisi Nadir Şahla qohum olması xəbərindən danışdı – EKSKLÜZİV

Son günlər Nadir Şahla bağlı yayılan xəbərlər gündəm olub. Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin Türk filologiyası kafedrasının müdiri Rüfət Rüstəmov deyib ki, Əfşarlar imperiyasının qurucusu Nadir Şah gədəbəyli olub. Onun bu sözləri qızğın müzakirə yaradıb.

Ardından “Nadir Şah” əsərinin müəllifi, jurnalist Yunus Oğuzun saytlardan birinə açıqlamasında Nadir Şahın mərhum millət vəkili Qənirə Paşayevanın qohumu olduğunu söyləyib. Y.Oğuzun sözlərinə görə, kitab çap edildikdən sonra Q.Paşayeva özü ona zəng edərək Nadir Şahla qohum olduğunu bilmədiyini deyib. Y.Oğuz iddia edib ki, Nadir şah gədəbəyli yox, Tovuzun Düz Qırıqlı kəndindəndir.

Globalinfo.az məsələni dəqiqləşdirmək üçün mərhum deputat Qənirə Paşayevanın əmisi, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayevlə əlaqə saxlayıb.

O, xəbəri təkzib edib:

“Keçmişdə karvan yolu bizim kəndimizin aşağı hissəsindən keçib. Ata-babalarımız deyərdilər, Nadir Şah buradan keçib. O haradan keçirmişsə, oralara 3-4 nəfər nümayəndə saxlayıb gedərmiş ki, yerli əhali ilə qarışsınlar. Hətta kəndimizdə şəhər tipli evlər tikilənə qədər həmin ailələr ayrı yaşayıblar. Amma buna baxmayaraq, onların qızları-oğlanları ilə yerli camaat ailə qururdu, münasibət yaxşı idi. Mənim bibim oralarda yaşayırdı. Lakin Nadir Şahla qohum olduğumuzu deyə bilmərəm. Bu, çətin məsələdir”.

Zaira Akifqızı
Globalinfo.az