imtahan 1

İyunun 7-də keçirilmiş qəbul imtahanının nəticələri abituriyentlər arasında geniş müzakirə olunur.

Nəticələr necə dəyərləndirilir? Bu göstəricilər təhsil sisteminin mövcud vəziyyəti və abituriyentlərin hazırlıq səviyyəsi barədə hansı nəticələri çıxarmağa imkan verir?

Globalinfo.az-a danışan təhsil eksperti Elmin Nuri deyib ki, I və IV ixtisas qrupları üzrə ilk mərhələ blok imtahanlarının nəticələri elan olundu və bu il yeganə 700 ballıq nəticə I ixtisas qrupunda qeydə alınıb:

“Şəxsən mənim üçün 700 bal toplayan bir abituriyentin olması o qədər də önəmli deyil. Hətta belə bir nəticə ümumiyyətlə olmasaydı da, bu, qəbulun ümumi mənzərəsini dəyişməzdi. Əmin ola bilərsiniz ki, hətta nəzəri olaraq 20-30 nəfər 700 bal toplasaydı belə, bu da ümumi vəziyyətə ciddi təsir göstərməyəcəkdi. Çünki ali məktəblərə qəbulda da, universitetdə təhsil uğurlarında da, sonrakı karyera mərhələsində də əsas göstərici orta statistik nəticələrdir. Söhbətə məhz buradan başlamağımın səbəbi də budur. Çünki I və IV ixtisas qruplarında orta bal göstəriciləri ötən illə müqayisədə daha yüksəkdir. Mənim müşahidələrimə görə, bu il həmin qrupların nəticələri kifayət qədər qənaətbəxşdir”.

elmin nuri

Elmin Nuri

Ekspert ötən il yaranan vəziyyətlə bağlı da danışıb:

“Xatırlayırsınızsa, ötən il IV ixtisas qrupunda kifayət qədər qeyri-adi vəziyyət yaranmışdı. 600-dən çox abituriyent 600 baldan yuxarı nəticə göstərmişdi. Bu, xüsusilə tibb, stomatologiya və digər yüksək bal tələb edən ixtisaslarda çox ciddi rəqabət yaratmışdı. Bu il isə I və IV ixtisas qruplarında müşahidə olunan nəticələr məndə nikbinlik yaradır. Hesab edirəm ki, I ixtisas qrupunun riyaziyyat yönümlü alt qrupu üzrə ixtisaslaşma zamanı vəziyyət kifayət qədər qənaətbəxş olacaq. Ədəbiyyat yönümlü alt qrupda isə rəqabətin müəyyən qədər artacağını düşünürəm”.

Elmin Nuri deyib ki, yekun proqnoz vermək üçün plan yerlərinin elan olunmasını və ikinci mərhələ blok imtahanlarının nəticələrini də gözləməliyik:

“Amma qəbulun ümumi mənzərəsini əsasən birinci mərhələ blok imtahanlarının nəticələri müəyyənləşdirir. İkinci mərhələnin nəticələri yalnız bəzi hallarda ümumi statistika, kəmiyyət və keyfiyyət göstəricilərinə müəyyən təsir göstərə bilir. IV ixtisas qrupuna gəlincə isə hesab edirəm ki, bu il 650-700 bal aralığında rəqabət ötən illə müqayisədə nisbətən yumşaq olacaq. Lakin 600-650 bal intervalında rəqabətin yenə də kifayət qədər gərgin keçəcəyini düşünürəm”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: