“Qazaxlı Alik” ona bu xəbəri verənə 10 min manat mükafat vəd etdi – EKSKLÜZİV AÇIQLAMA

“Qazaxlı Alik” kimi tanınan Alik Muradov ilə bağlı sosial şəbəkələrdə vaxtaşırı xoşagəlməz xəbərlər yayılır. İctimaiyyətdə onun Birinci Qarabağ müharibəsi zamanı müharibədə həlak olan hərbçilərin cənazəsini ailələrinə pul müqabilində təhvil verdiyi deyilir.

Doğrudanmı A.Muradov şəhidləri ailələrinə pul müqabilində qaytarıb?

Məsələ ilə bağlı Globalinfo.az-a açıqlama verən Alik Muradov xəbəri təkzib edib. O, çalışdığı dövrdə ermənilərdən şəhid almadığını deyib:

“Bu söhbət artıq uzun müddətdir davam edir. Belə söz deyənin yəqin şəhidi yox, ölüsü olub. Əmin ola bilərsiniz ki, bu günə qədər ermənilərdən şəhid nəşi almamışam. Aldığımı, satdığımı iddia edən adam gəlsin və mənə bunu sübut eləsin. Bu, mümkün deyil”.

Qazaxlı Alik: “Başıma pul qoyan erməni generalını elə başından vurmaq  nəsibim oldu” (MÜSAHİBƏ+FOTOLAR)

A.Muradov yalnız əsirlərimizi geri aldığını bildirib:

“Yüzlərlə əsir dəyişmişəm. Sübutum da var. Allah şahiddir ki, geri aldığım adamlara görə ermənilər məndən yanacaq və ya başqa nəsə istəməyib. Əsirini verib, əsirimi almışam.

Əvvəl dedilər guya meyit satmışam, sonra dedilər şəhid satmışam. Niyə belə dediklərini heç özləri də bilmirlər, amma vallah mən ermənidən ölü almamışam”.

Müsahibimiz bir neçə rayondan olan əsirlərimizi geri aldığını bildirib:

Qazaxlı Alik: “Başıma pul qoyan erməni generalını elə başından vurmaq  nəsibim oldu” (MÜSAHİBƏ+FOTOLAR)

“Şuşadan, Maştağadan, Tovuzdan, Bakı və digər rayonlardan olan əsirlərimizi diri halda almışam. Neçə erməni verib, nə qədər azərbaycanlı almışam, hamısının sübutu var. Elə olub ki, 1 erməni qızını verib, 7 Azərbaycan əsgəri qaytarmışam, 5 nəfərə görə bir erməni vermişəm və s. Yəni az erməni verib, çox azərbaycanlı almışam. Hətta olub ki, onlara meyit verib, özümüzünküləri sağ-salamat almışam”.

“Qazaxlı Alik” haqqında deyilənləri sübut edəcək adama 10 min manat mükafat verəcəyini deyib:

“Bunu deyən adam gəlsin, sübut eləsin, söz verirəm, ona 10 min manat verəcəm. O bunu edə bilməz! Çünki belə bir şey yoxdur. Yaxşı ki, hələ “Alik Vətəni satdı” demirlər. Şəhid satdığımı sübut edə bilməyənlər sabah da Vətəni satdığımı deyərlər”.

Qazaxlı Alik: “Başıma pul qoyan erməni generalını elə başından vurmaq  nəsibim oldu” (MÜSAHİBƏ+FOTOLAR)

A.Muradlı 2934 əsgəri idarə etdiyini qeyd edib:

“Alver etmək istəsəm də, mümkün olmazdı. O qədər əsgərlə bunu necə edə bilərdim? Hətta çeçen olan Şamil Basayev, Salman Raduyev mənim dəstəmdə döyüşürdü. Mən bir yerdə dayanmamışam. Naxçıvandan başqa hər yerə gedirdim. Əgər səhv etmiş olsam, bu gün açıq şəkildə insanlar arasına çıxmazdım”.

Zaira Akifqızı
Globalinfo.az