Bu gün, işğaldan azad edilmiş Füzuli şəhərində Qazaxıstan Respublikası tərəfindən ianə və inşa olunacaq “Kurmanqazı adına Uşaq Yaradıcılığının İnkişafı Mərkəzi”nin təməlqoyma mərasimi keçirilib.
Globalinfo.az xəbər verir ki, incəsənət məktəbinin yol xəritəsinə uyğun olaraq baş tutan tədbirdə Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonu üzrə xüsusi nümayəndəsi Emin Hüseynov, Qazaxıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Serjan Abdıkarimov, layihəni həyata keçirəcək icraçı şirkət “Bİ-Group” Holdinqin Direktorlar Şurasının sədri Aydın Rahimbayev və digər səlahiyyətli şəxslər iştirak etmişdir.
Qeyd edək ki, incəsənət məktəbinin layihəsi üzrə Azərbaycan və Qazaxıstan nümayəndə heyətlərinin yer aldığı işçi qrupu yaradılmış, müvafiq görüşlər keçirilərək, qarşıdakı hədəflər müzakirə olunmuşdur.
Digər layihələr kimi bu layihə də Azərbaycan ilə Qazaxıstan arasındakı ikitərəfli əlaqələrin inkişaf etdirilməsinə, o cümlədən işğaldan azad edilmiş ərazilərdə incəsənət sahəsi üzrə təhsilin genişlənməsinə və yaxın bölgələrdən olan istedadlı gənclərin bir araya toplanmasına öz töfhəsini verəcək.