Qazaxıstan prezidenti Milli Məclisə gəldi – FOTO

Azərbaycanda dövlət səfərində olan Qazaxıstan Respublikasının Prezidenti Qasım-Jomart Tokayev Milli Məclisə gəlib.

Bu barədə Axar.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Qonağı Milli Məclisin sədri Sahibə Qafarova qarşılayıb. Qazaxıstan Prezidenti Milli Məclisin iclas zalı ilə tanış olub.

Daha sonra keçirilmiş görüş zamanı Milli Məclisin sədri ali qonağı Azərbaycan Milli Məclisində salamlamaqdan məmnunluğunu bildirib. Qazaxıstan Respublikasının Prezidenti Qasım-Jomart Tokayevin Azərbaycan səfərinin, Prezident İlham Əliyevlə keçirilən görüşlərin və aparılan danışıqların ölkəmizdə böyük diqqətlə izlənildiyini deyən spiker Sahibə Qafarova vurğulayıb ki, bu səfər xalqlarımız arasında dostluq və qardaşlığın növbəti təzahürüdür və ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə və genişlənməsinə öz töhfəsini verəcək.

Azərbaycana səfərindən və Milli Məclisdə olmaqdan məmnunluğunu bildirən Qazaxıstan Prezidenti Senat sədri vəzifəsində Azərbaycanın Milli Məclisində 3 dəfə olduğunu xatırladıb. Prezident Qasım-Jomart Tokayev bunun da Azərbaycan parlamentinə və xalqına hörmətinin bir nümunəsi olduğunu qeyd edib.

Qazaxıstan və Azərbaycanın strateji tərəfdaş və müttəfiq ölkələr olduğunu deyən Prezident Qasım-Jomart Tokayev vurğulayıb ki, bu da bizim üzərimizə xüsusi öhdəliklər qoyur.

Azərbaycanın regionda artan rolunu vurğulayan Prezident Tokayev ölkəsinin bütün sahələrdə Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb. O xatırladıb ki, Prezident İlham Əliyevlə danışıqlarının əsas mövzuları da neft-qaz, logistika, rəqəmsal texnologiyalar, sənaye və digər sahələrdə əməkdaşlıq məsələləri olub.

Söhbət zamanı Prezident Tokayev Qazaxıstanın iqtisadiyyat, sənaye, rəqəmsallaşma, kənd təsərrüfatı və digər sahələrdə qazandığı uğurları və perspektiv planları barədə məlumat verib. Ölkələrimizin nəqliyyat-logistika, Orta Dəhliz və digər layihələr çərçivəsində əməkdaşlığından məmnunluqla danışan Qazaxıstanın dövlət başçısı humanitar sahədə də münasibətlərin inkişafının əhəmiyyətini qeyd edib. Bu baxımdan Prezident Tokayev Azərbaycanda keçirilmiş Qazax mədəniyyəti günlərinin xalqlarımızı daha da yaxınlaşdırdığına əminliyini ifadə edib. O, Bakıda Qazaxıstan mədəniyyət günlərinin keçirilməsinə göstərilən dəstəyə görə Azərbaycan hökumətinə təşəkkürünü ifadə edib və Qazaxıstanda da Azərbaycan mədəniyyət günlərinin keçirilməsi məsələsinin gündəmdə olduğunu bildirib.

Dövlətlərarası münasibətlərin inkişafında parlament diplomatiyasının rolunu yüksək qiymətləndirən Qazaxıstanın dövlət başçısı beynəlxalq təşkilatlar, o cümlədən Türk Dövlətləri Təşkilatı çərçivəsində konstruktiv əməkdaşlığın əhəmiyyətindən danışıb. Qazaxıstan Prezidenti ölkələrimiz arasında bu sahədə mövcud olan əməkdaşlıqdan məmnunluğunu ifadə edib. Onun sözlərinə görə, parlamentləarası əlaqələr ölkələrimiz arasında münasibətlərin mühüm bir istiqamətini təşkil edir. Qasım-Jomart Tokayev bir sıra parlament təşkilatlarında qarşılıqlı əməkdaşlığın önəmini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.