Qazaxın işğaldan azad edilən 4 kəndində son durum – Bu işlər görülür

“Qazaxın işğaldan azad edilən 4 kəndində artıq Dövlət Sərhəd Xidmətinin məntəqələri yaradılıb, Azərbaycan bayrağı dalğalandırılır”.

Bu fikirləri Globalinfo.az-a siyasi şərhçi Arzuman Abdulkərimov Qazaxın işğaldan azad edilən 4 kəndində hansı işlərin görüldüyü ilə bağlı sualımızı cavablandırarkən deyib.

Onun sözlərinə görə, həmin ərazilərdə kommunikasiyaların bərpası işləri davam etdirilir:

“Minalardan təmizləmə, yol, işıq və s. istiqamətdə işlər görülür. Tikintilərin başlaması və əhalinin sözügedən ərazilərə köçürülməsi ilə bağlı rəsmi məlumat yoxdur. Çünki burada hələ mina təhlükəsi tam sovuşmayıb və buna görə məskunlaşma ilə bağlı danışmaq tezdir.
Qazaxda olduğum müddətcə kənd sakinlərində böyük ruh yüksəkliyi müşahidə etdim. Bu kəndlərdən olan köçkünlər öz dədə-baba torpaqlarına dönməyi səbirsizliklə gözləyirlər. Həmin torpaqların yenidən özümüzünküləşdirilməsində Ali Baş Komandana minnətdarlıqlarını bildirirlər”.

Siyasi şərhçinin fikrincə, 2023-cü il antiterror əməliyyatlarından sonra Qazaxın 4 kəndinin hərbi münaqişə olmadan geri qaytarılması qürurverici hadisədir.

Safura Bənnayeva
Globalinfo.az