Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində regionda mövcud reallıqlar, risklər barədə, habelə qarşıda duran strateji hədəflər ilə bağlı geniş tezisləri ictimaiyyətə təqdim etdi.
Prezidentin vurğuladığı başlıca məqamlardan biri də Azərbaycan-Ermənistan münasibətləri oldu. Diqqətçəkən əsas məqam isə Qazaxın işğal altında olan 7 kəndinin aqibəti ilə bağlı deyilənlər idi. Hazırda sülh sənədində də mübahisəli mövzulardan hesab edilən bu məqamın necə həll ediləcəyi vaxtaşırı müzakirə edilir.
Maraqlıdır, Qazaxın 7 kəndi ilə bağlı Bakının strateji addımları necə olacaq? Hərbi əməliyyat variantı hələ də aktualdır, yoxsa diplomatik kanallarla problem həll ediləcək?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Aqşin Kərimov deyib ki, Azərbaycan Ermənistanın işğalı altında olan səkkiz kəndinin geri qaytarılması, sərhədlərin delimitasiyası konteksti və sülh müqaviləsinin konturları Bakı-İrəvan münasibətlərinin gələcəyinin necəliyi barədə mümkün variantlar nəzərdən keçirir:
Aqşin Kərimov
“Əliyev prinsipial olaraq bildirir ki, Ermənistanla sərhədlərin delimitasiyası məsələsi ilə sülh müqaviləsinin imzalanması prosesi iki ayrı mərhələ kimi qalmalıdır və İrəvan konstruktiv mövqeyə köklənməlidir.
Əks təqdirdə Azərbaycanın artan hərbi imkanları mövqeyinin yekuna çatması məramı üçün meydana çıxacaq və İrəvan depressiv vəziyyətdə olacaq.
Prezidentin “gələcək inkişafla bağlı, əlbəttə ki, mənim fikirlərim var və bir çox hallarda onlar həlledici olacaq, təbii ki” deməsi növbədənkənar seçkidən sonrakı istiqamətləri müəyyən etməyə imkan verir. Bu, Azərbaycanın xarici siyasət cinahlarındakı mövqelərinin möhkəmləndirilməsini və bunun təşviqi üçün daxili siyasətdəki mümkün dəyişikliklər sferasını əhatə edir.
Azərbaycanın strateji müttəfiqi Türkiyə ilə münasibətlərdə növbəti səhifələri vərəqləyərək regiondakı ambisiyaları zəiflətmək planları onun böyük strateji muxtariyyətə yiyələnməsini təyin edən faktora çevriləcək.
Göründüyü kimi, Əliyev Ermənistanla münasibətlər zəminində sülh, bu olmazsa, güc tətbiq etmək gündəliyi ilə çəkindirmə bacarıqlarını təkmilləşdirəcəyini bəyan edir”.
Turan Rzayev
Globalinfo.az