“Qarşıdakı həftələrdə Yaxın Şərqdə müharibə bitə bilər, çünki…” – Fransa XİN

“Trampın seçkilərdə qələbəsindən sonra Yaxın Şərqdə münaqişələrə son qoymaq üçün şərait yaranıb”.

Globalinfo.az xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-Noel Barrot deyib.

“Bir tərəfdən, İsrailin əldə etdiyi çox mühüm taktiki uğurlar, xüsusən də Yəhya Sinvarın aradan qaldırılması hərbi əməliyyatların dayandırılmasına şərait yaradır. Digər tərəfdən, Amerikanın yeni prezidenti seçilib. O, Yaxın Şərqdə bitib-tükənməyən müharibələrə son qoymaq istədiyini heç vaxt gizlətməyib. Ona görə də qarşıdakı həftələrdə davam edən münaqişənin diplomatik həllinə doğru irəliləyiş ola bilər”, – Barrot bildirib.

Fransa XİN rəhbəri həmçinin İsraili mülki əhali və infrastrukturu hədəf alan şimal Qəzza zolağının bombalanmasında, humanitar yardıma girişin məhdudlaşdırılmasında, Fələstin administrasiyasının zəiflədilməsində ittiham edib.

Barrot İrana qarşı da sərt danışıb və İsrailin İran ərazisinə son zərbəsini yüksək qiymətləndirib.

“Eskalasiya dərhal dayandırılmalıdır. İran isə həm İsrailin, həm də Fransanın fundamental maraqlarını təhdid edən nüvə silahı uğrunda yarışına son verməlidir”, – deyə Barrot vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az