Qaribaşvilini təcili Azərbaycana gətirən səbəb – Politoloq

“Gürcüstan Baş naziri İrakli Qaribaşvilini Azərbaycana işgüzar səfəri əsasən xarici təzyiqlərin fonunda reallaşır. ABŞ və Avropa İttifaqı Gürcüstan hökumətinə qarşı sanksiyaları gündəmə gətirir, artıq bir neçə hakimə sanksiyalar tətbiq edilib. Gürcüstan xarici işlər naziri ABŞ dövlət katibi Entoni Blinkenə məktub göndərərək sanksiyaların iki dost ölkə arasında münasibətlərin gərginləşməsinə səbəb olacağını vurğulayıb”.

Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Qərbdən Gürcüstana ciddi təzyiqlər formalaşır:

“Hətta yeni inqilabın baş verməsi də gündəmdədir. Demək olar ki, Gürcüstan rəsmiləri Qərbdə arzuolunmazdır. Ölkə parlamentində “xarici agentlər” haqqında qanunun qəbul edilməsi və sonradan geri götürülməsi Qərbdə Gürcü Arzusu hökumətinə qarşı mənfi fikrin formalaşmasına səbəb oldu. Rəsmi Tiflisi Rusiyanın maraqları kontekstində siyasət aparmaqda ittiham edirlər.

Həqiqətən, Gürcüstan hökuməti Qərblə əlaqələri aşağı səviyyəyə endirdi. Həmçinin Rusiya-Ukrayna müharibəsində sual doğuran və neytrallıqdan əlavə, Moskvanın tərəfdaşı mövqeyindən hərəkət etdi. Gürcüstan Qərblə Rusiyanın nüfuz uğrunda yenidən mübarizə mərkəzinə çevrilib”.

Politoloq qeyd edib ki, Azərbaycanın regionda həyata keçirdiyi unikal siyasət, Qərblə Prezident İlham Əliyevin münasibətlərinin yüksək olması Qaribaşvilinin Bakının ciddi dəstəyinə ehtiyacı olduğunu göstərir:

“Azərbaycan Gürcüstanın yanında olub, daima dəstəyini ifadə edib. Gürcüstan Azərbaycan və Ermənistan arasında danışıqlar platforması ola bilər. İ.Qaribaşvilinin N.Paşinyanın xahişini də gətirməsi istisna deyil. Bir sözlə, Cənubi Qafqazın hər iki ölkəsi Azərbaycandan asılı vəziyyətə gəlib”.

Turan Rzayev
Globalinfo.az