Qaribaşvilidən ilginc açıqlama: Abxaziya və Cənubi Osetiya…

 

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Rusiyanın hücumunun 15-ci ildönümü münasibətilə çıxışında deyib ki, hazırkı hökumət ölkənin sülh yolu ilə birləşdirilməsi ideyasına sadiqdir.

“Rusiyanın silahlı təcavüzü böyük insan itkilərinə, məcburi köçkünlüyə və Gürcüstan ərazisinin bir hissəsinin işğalına səbəb olub ki, bu da ölkənin suverenliyi və gələcək inkişafı üçün hələ də əsas problem olaraq qalır. Hökumət ölkənin ərazi bütövlüyünün sülh yolu ilə bərpası və birləşməsi ideyasına sadiqdir. Biz sarsılmaz inamla yaşayırıq ki, dinc, vahid, güclü, inkişaf etmiş Gürcüstan gürcülər, osetinlər, abxazlar və ölkəmizdə yaşayan hər kəs üçün ən yaxşı perspektivdir və biz bunu tez bir zamanda həyata keçirmək üçün hər şeyi edirik”, – Qaribaşvili bildirib.

Maraqlıdır, Qariabşvilinin qeyd etdiyi ölkənin sülh yolu ilə birləşdirilməsi ideyası nə qədər realdır? Abxaziya və Cənubi Osetiya Gürcüstana dinc yolla birləşə bilər?

Mövzu ilə bağalı Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, İ.Qaribaşvilinin bu açıqlaması əslində birbaşa olaraq ictimai rəyə yönəlib:

Kənan Novruzov

“Məlumdur ki, Gürcüstanın hazırkı hakimiyyəti Rusiya ilə münasibətlərə həssas yanaşır. Onun hərbi yoldan danışması Moskva ilə münasibətlərdə gərginliyin yaranması deməkdir. Rəsmi Tbilisi bunu istəmir. Eyni zamanda baş nazir həm də xalqının xoşuna gəlməlidir. O, işğal olunmuş ərazilərin taleyi barədə danışmasa idi, bu, daxildə ikrah yarada bilərdi.

Abxaziya və Cənubi Osetiyanın taleyinin sülh yolu ilə həll oluna biləcəyinə inanmıram. Çünki Rusiya buna razı olmaz. Rusiyanın Cənubi Qafqazla bağlı siyasəti və xarici siyasətindəki işğalçılıq kursu çoxlarına məlumdur. İmperialist dövlətlərin əsas özəlliyi məhz işğaldır. İşğal olmasa, bu cür dövlətlər zəifləyər. Yəni əlavə təsir dairəsi digər imperialist dövlətlər kimi Rusiya üçün də həyati əhəmiyyətlidir. Bu mənada Moskvanın sülhlə güzəştə gedəcəyinə inanmıram. Bunun üçün Rusiya kifayət qədər zəifləməlidir. Və hətta bu halda da hərbi əməliyyatlar başlanmadan sözügedən torpaqların azad olunacağını düşünmürəm.

İkinci Qarabağ müharibəsi də göstərdi ki, torpaq qanla alınır”.

Turan Rzayev
Globalinfo.az