Qaribaşvili Azərbaycana gəldi – YENİLƏNİB

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili noyabrın 24-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.

Globalinfo.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Baş nazir İrakli Qaribaşvilini hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.

X X X

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycanda səfərə gəlib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Report”a diplomatik mənbədən bildirilib.

Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze jurnalistlərə bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə görüş zamanı həm siyasi kontekstdə, həm də ticarət-iqtisadi istiqamətdə bir sıra məsələlər, mədəni-humanitar məsələlər, o cümlədən, xüsusilə diqqətəlayiq olan yaşıl enerji layihəsi, Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi və Avropaya enerji ixracına töhfə verəcək enerji təhlükəsizliyi məsələləri müzakirə olunacaq.

Onun sözlərinə görə, logistika məsələləri, nəqliyyat dəhlizi və bu istiqamətdə yeni layihələrin həyata keçirilməsinə də baxılacaq.

Səfir qeyd edib ki, mühüm məsələlərdən biri də Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin genişləndirilməsi və başa çatdırılmasıdır.

***10:50

Gürcüstan Baş naziri İrakli Qaribaşvili Bakıya səfərə yola düşüb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, məlumatı Gürcüstan hökumətinin mətbuat xidməti yayıb.

Bildirilib ki, hökumət başçısı Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Bakıya səfərə gedib.

Məlumata görə, İrakli Qaribaşvili səfər çərçivəsində SPECA-nın 25-ci ildönümünə həsr edilmiş Zirvə görüşündə fəxri qonaq qismində iştirak edəcək, həmçinin hökumət başçılarının iştirakı ilə keçiriləcək paneldə çıxış edəcək.

İrakli Qaribaşvilinin həmçinin, Prezident İlham Əliyevlə görüşəcəyi qeyd olunub.