“Meyitlərin (Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidməti tərəfindən keçirilən əməliyyat zamanı qətlə yetirilən Ziyəddin və Hüseyn Səfərov qardaşlarının. – red) hansı morqa aparılacağı Azərbaycana gətirildikdən sonra müəyyən olunacaq”.
Globalinfo.az bildirir ki, bu barədə APA-ya açıqlamasında Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru, professor Ədalət Həsənov məlumat verib.
“Əgər meyit bir ölkədən başqa bir ölkəyə gətirilirsə, həmin ölkədə də yaxınlarının tələbi əsasında hüquq mühafizə orqanlarının qərarı ilə məhkəmə-tibbi ekspertiza aparıla bilər. Əgər Azərbaycanda aparılan ekspertiza rəyi Rusiyada verilən rəylə üst-üstə düşməsə, bu artıq hüquqi prosedurları tələb edən məsələdir. Belə hallarda müvafiq araşdırmalarla hüquq-mühafizə orqanları və prokurorluq məşğul olur”, – Ədalət Həsənov əlavə edib.
Qeyd edək ki, Ziyəddin və Hüseyn Səfərovların cənazaləri hava limanına aparılıb. Oradan Yekaterinburq-Bakı aviareysi ilə Azərbaycana yola salınacaq. Təyyarə 20:00 radələrində Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enəcək.
***14:56
“Azərbaycanda meyitlərə yenidən tibbi ekspertiza keçiriləcək. Ekspertiza ya bu gün, ya da sabah olacaq, dəqiq deyil”.
Globalinfo.az bildirir ki, bu barədə APA-ya Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidməti tərəfindən keçirilən əməliyyat zamanı qətlə yetirilən Ziyəddin və Hüseyn Səfərovların qardaşı, “525-ci qəzet”in baş redaktor müavini Seyfəddin Hüseynli məlumat verib.
O bildirib ki, Diasporla İş üzrə Dövlət Komitəsinin müşayiəti ilə cənazələr bu gün 20:00 radələrində Heydər Əliyev adına Beynəlxalq Hava Limanında qarşılanacaq, sabah səhər saatlarında isə Ağcabədiyə yola salınacaq:
“Qardaşlarım Ağcabədidə “Dörd yol” deyilən qəbiristanlıqda atamın, anamın yanında dəfn ediləcəklər. Onlarla vida mərasimi də Ağcabədidə olacaq”, – S. Hüseynli əlavə edib.