Qardaş bacısını buna görə öldürübmüş – TƏFƏRRÜAT

Cəlilabadda rayonunda törədilən qətlin təfərrüatı məlum olub.

Globalinfo.az Modern.az-a istinadən xəbər verir ki, bir neçə gün itkin kimi axtarışda olan Cəlilabadın Sabirabad kənd sakini, 1976-cı il təvəllüdlü Xalidə Əliyevanın meyiti rayonun Uzuntəpə kənd ərazisində tapılıb.

İlkin araşdırmalar zamanı hadisəni mərhumun qardaşı, 1983-cü il təvüllüdlü Famil Əliyev tərəfindən törətməsilə bağlı şübhələr müəyyən olunub.

Bacısını öldürməkdə ittiham olunan F.Əliyev saxlanılaraq istintaqa cəlb edilib.

Modern.az-ın əldə etdiyi məlumata görə, Xalidə Əliyeva təxminən 10 il öncə həyat yoldaşından ayrılaraq, ata evinə qayıdıb. O, qardaşı Famillə birlikdə atalarına məxsus mülkdə yaşayıblar.

Bir oğul anası olan 46 yaşlı Xalidə Əliyeva atasından miras qalan həyətdə özünə şəxsi ev tikdirmək qərarına gəlib. Qardaşı buna etiraz edərək evin tikilməsinə qarşı çıxıb.

Bundan sonra tərəflər arasında münasibətlər pisləşib.

X.Əliyeva qardaşının narazılığına məhəl qoymayaraq tikinti işlərinə başlayıb. Onun bu addımı qardaşını daha da qəzəbləndirib.

F.Əliyev bacısı ilə mübahisə zəminində ona taxta parçası ilə zərbələr endirərək həyatdan məhrum edib. F.Əliyev izi itirmək üçün meyiti rayonun Uzuntəpə kəndi ərazisində basdırıb.

Öldürülən qadın əsasən təsərrüfatla məşğul olub. Onun bir oğul övladı yadigar qalıb.

Hadisəni törətməkdə şübhəli bilinən F.Əliyev ailəli olub. O, 4 övlad atasıdır.

Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb. Famil Əliyev dindirilmə zamanı törətdiyi hadisəni etiraf edib.

İş üzrə istintaq davam edir.