Qaralovun general uniformasında iki cinayətin “qan” ləkələri var – Sabiq baş prokurorun başı dərddə

Hazırda Azərbaycan ictimaiyyəti “Nərmin işi”nin yekununa görə çox narazıdır. Əslində bu işi yekunlaşmış saymaq doğru olmaz. Cəmiyyət hökmü ədalətli hesab etmir. 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilərək 18 il müddətinə həbs cəzasına məhkum edilən İlkin Süleymanov barəsində məhkəmənin çıxardığı hökm birmənalı qarşılanmadı. Peşəkar və vicdanlı hüquqşünaslar da hökmü ədalətli saymır.

İlk gündən deyilir ki, İlkin Süleymanov bu işdə qurban seçilib. Onun Nərmini öldürməsinə çoxları şübhə ilə yanaşır. Ona görə ictimaiyyət ədalətsiz hesab etdiyi bu hökmdən sarsılıb.

İşlərin bu yerə gəlib çıxmasında əsas günahkarlardan biri kimi sabiq baş prokuror Zakir Qaralovun adı çəkilir. İlkinin vəkilləri də bu məsələyə xüsusi diqqət çəkir. Onlar deyirlər ki, prezident İlham Əliyev Nərminin qətlə yetirilməsi ilə bağlı prosesi nəzarətə götürdükdən və cinayətkarın tez bir zamanda tapılması haqda göstəriş verdikdən sonra İlkin Süleymanov həbs edilib. Prokurorluq onu qətlin əsas şübhəlisi kimi saxlayıb və dindirib. İlkin Süleymanovun yaxınları, vəkilləri, həmçinin müstəqil jurnalistlər iddia edirlər ki, bu cinayəti zorla İ.Süleymanovun boynuna qoyublar.

İddialara görə, Tovuzun o vaxtkı prokuroru Elçin Qəhrəmanovun da bu məsələdə məsuliyyət payı var. Vəkillərin sözlərinə görə, Elçin Qəhrəmanov bu işdən sonra mükafatlandırılıb. Ona Baş Prokurorluqda yüksək vəzifə verilib.

Elçin Qəhrəmanov hələ Tovuzda prokuror olduğu vaxtda adı müxtəlif qalmaqallarda hallanıb. Onun sürücüsü vasitəsi ilə sələmə pul verməsi haqda iddialar var. Hətta bu sələm məsələsinə görə ciddi qalmaqal yarandığı deyilir. Bu haqda növbəti araşdırmalarımızda detallı məlumat verməyə çalışacağıq. Elçin Qəhrəmanov deyilənlərlə bağlı mövqe bildirmək istəsə onu dinləməyə və fikirlərini dərc etməyə hazırıq.

Zakir Qaralovun adı bir də “Tərtər işi”ndə hallanır. Onu bu işdə lazımı addım atmamaqda günahlandırırlar. Xatırladaq ki, ötən il dekabr ayının 16-da parlamentin plenar iclasında Milli Məclisin insan hüquqları komitəsinin sədri Zahid Orucun çıxışı yaddaşlardan silinməyib. O, hərbi prokuror Xanlar Vəliyevi, keçmiş baş prokuror Zakir Qaralovu sərt şəkildə tənqid etdi. Bildirdi ki, hər iki general “Tərtər işi” məsələsində zamanında lazımi mövqe tutmayıb.

Deputatın çıxışından sitat: “Hərbi prokuror 5 il işgəncə qurbanlarının üsyanını “nağıl” adlandırıb, sonda isə bəlli olub ki, dövlətə və xalqa yalanı kim danışır. Keçmiş Baş prokuror Zakir Qaralov bir dəfə də olsun o analarla görüşmədi və saxta ittihamnamələri araşdırmadı. İndi hər ikisi Ali Baş Komandandan, xalqdan, Ordumuzdan və qurbanlardan üzr istəməlidir”.

İctimaiyyət bilmədi ki, hər iki general Ali Baş Komandan üzr istədi, ya yox. Üstəlik Zakir Qaralov bu mövzuda mətbuata hər hansı açıqlama verməkdən yayındı.

Göründüyü kimi, sabiq baş prokurorun adı iki səs-küylü cinayət işində hallanır. İctimaiyyət tələb edir ki, “Tərtər işi” kimi “Nərmin işi” də təkrar baxılması üçün ibtidai istintaqa qaytarılsın, yenidən məhkəmə keçirilsin və əsl günahkarlar cəzalandırılısın. Bu baş verərsə, sabiq baş prokurorun başının dərdə girəcəyi qaçılmazdır. Onun göstərişlərini icra etmiş Tovuzun keçmiş prokuroru Elçin Qəhrəmanov da qanun qarşısında hesab verməli olacaq.

Obrazlı ifadə etsək, Zakir Qaralovun general uniformasında iki cinayətin “qan” ləkələri var. O, bu ləkələri necə təmizləyəcək? Cavab maraqlıdır…

Tahir Turan
Globalinfo.az