“Qaradağ” GES nə vaxt istifadəyə veriləcək?

“Qaradağ” Günəş Elektrik Stansiyası gələn ay istifadəyə veriləcək.

Globalinfo.az xəbər verir ki, bunu Energetika nazirinin müavini Elnur Soltanov Bakıda keçirilən II Azərbaycan Milli Şəhərsalma Forumunda bildirib.

“Cənubi Qafqazda ən böyük Günəş Elektrik Stansiyası oktyabrda istifadəyə veriləcək. Bu, sərmayəçilər tərəfindən tikilmiş 230 MVt gücündə Günəş Elektrik Stansiyasıdır. Biz bərpa olunan enerji obyektlərinin tikintisinə mümkün qədər birbaşa xarici investisiya cəlb etməyə çalışırıq”, – o deyib.

O qeyd edib ki, hazırda Azərbaycanda quraşdırılmış enerji potensialının yalnız 17 faizi bərpa olunan enerjidir.

“Biz 2030-cu ilə qədər bu potensialı 30 faizə çatdırmağı planlaşdırırıq və inanıram ki, bu rəqəmi hətta keçəcəyik”, – E.Soltanov deyib.