Bu gün Azərbaycanda Vətən müharibəsində qazanılan Böyük Qələbənin ikinci ildönümü – Zəfər Günü qeyd olunur. Zəfər Günü 2020-ci il dekabrın 3-də Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin imzaladığı sərəncamla təsis edilib.
Zəfər Günü ilə bağlı Globalinfo.az-a danışan millət vəkili Azay Quliyev qeyd edib ki, torpaqlarını öz gücü ilə işğaldan azad edən Azərbaycan xalqı, onun Ali Baş Komandanı, əsgəri, zabiti vətənpərvər, cəsur və qəhrəmandır:
“Qələbədən 2 il sonra makronların, pelosilərin və volkovların Azərbaycana qarşı düşmən mövqeyinin və məkrli planlarının davamını gördükdə 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbənin tarixi əhəmiyyətini və dəyərini bir daha anlayırsan.
Azərbaycan xalqı və ordusu müharibədə olduğu kimi, yenə də Ali Baş Komandanın ətrafında “dəmir yumruq” kimi birləşib. Qarşıda hələ də görəcəyimiz işlər, başa çatdırmalı olduğumuz planlar və hədəflər var. Bu tarixi gün münasibətilə bütün xalqımızı təbrik edirəm”.
Millət vəkili Vüqar Bayramov isə xatırladıb ki, 2020-ci il sentyabrın 27-də Qarabağda başlanan uğurlu əks-hücum əməliyyatı nəticəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan ordusu 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad etdi:
“Uzun illər həsrətlə gözlədiyimiz Şuşa şəhərinin işğaldan azad olunması ölkəmizin tarixində ən əlamətdar günlərdən hesab olunur. Azad Şuşa sürətlə qurulur və inkişaf edir.
Tezliklə “Böyük Qayıdış”ın yeni mərhələləri başlayacaq. Sevinc və həyat Qarabağa qayıdır. Gələn ilin payız aylarından qayıdış prosesi daha da sürətlənəcək. 2023-cü ildə on minlərlə vətəndaşımız Zəfərin 3-cü ilini öz ata-baba yurdunda – Qarabağ və Şərqi Zəngəzurda qeyd edəcək”.
Millət vəkili Nəsib Məhəmmədəliyev deyib ki, qələbəyə aparan yol çox çətin, uzun və keşməkeşli oldu:
“Belə ki, BMT TŞ-nin 4 qətnaməsi, ATƏT-in Minsk Qrupunun fəaliyyətləri 30 illik erməni işğalına son qoymadı. 1 milyona yaxın məcburi köçkünün acınacaqlı vəziyyəti beynəlxalq təşkilatların vicdanını sızlatmadı. İkili standartlar, qlobal güclərin Ermənistana açıq və yaxud gizli dəstəyi problemin unudulmasına hesablanmışdı. Bir çoxları Qarabağın Ermənistana verilməsi ilə bağlı ölkəmizə təzyiqlər edir, problemin müharibə yolu ilə həllinin olmadığını bildirirdilər. Belə bir mürəkkəb geosiyasi şəraitdə Ali Baş Komandan mövcud riskləri üzərinə götürdü və 27 sentyabrda Silahlı Qüvvələrimizə əks-hücum əmrini verdi. 44 günlük Vətən müharibəsinin hər günü kəndlərin, qəsəbələrin, yaşayış məntəqələrinin azad olunması ilə müşayiət olundu.
İki il ərzində hər hansı xarici maliyyə dəstəyi olmadan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan minatəmizləmə işləri, tikinti-quruculuq-bərpa fəaliyyətləri, infrastruktur layihələri Azərbaycan dövlətinin iqtisadi qüdrətinin göstəricisidir”.
Turan Rzayev, Globalinfo.az