lacin 11111 222

Qarabağ gələcəkdə mühüm turizm istiqamətinə çevrilə bilər.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bunu Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Rolanda Prays deyib.

    O bildirib ki, Azərbaycanın turizm sektoruna cəlb edilməli investisiyanın həcmini konkret rəqəmlə ifadə etmək mümkün deyil: “İnvestisiya üçün çox böyük imkanlar var. Hökumət artıq bu istiqamətdə ciddi işlər görür və Azərbaycan turizm sektoruna bir sıra iri beynəlxalq lüks hotel brendlərini cəlb etməyə nail olub”.

    Roland Prays qeyd edib ki, Dünya Bankının təqdim etdiyi hesabatın əsas mesajlarından biri iqtisadiyyatın şaxələndirilməsində turizmin rolunun artırılmasıdır.

    “Turizm məhsullarının şaxələndirilməsi daha çox investisiya və yeni iş yerləri yaradacaq. Bu isə öz növbəsində daha yüksək iqtisadi artıma və əhalinin rifahının yüksəlməsinə töhfə verəcək”, – o vurğulayıb.

    Dünya Bankının nümayəndəsi Qarabağın gələcəkdə mühüm turizm istiqamətinə çevrilə biləcəyini də qeyd edib:

    “Qarabağın böyük potensialı var. Hökumət regionun yenidən qurulmasına böyük həcmdə vəsait yönəldir. Turizm keçmiş münaqişə bölgələrinin inkişaf modelini dəyişən əsas sahələrdən biridir. Əgər Azərbaycan hökuməti Qarabağı turizm məkanına çevirməyi qarşıya məqsəd qoyubsa, burada böyük imkanlar mövcuddur”.

    Roland Prays Azərbaycanın turizm sektorunda özəl investisiyaların qarşısında ciddi maneələr görmədiyini bildirib:

    “İnvestisiyalar artıq gəlir. Biz hazırda beynəlxalq səviyyəli hotellərdən birindəyik. Mən bura dəfələrlə gəlmişəm. Xidmət səviyyəsi və keyfiyyəti çox yüksəkdir. Sadəcə daha çox investisiyanı təşviq etmək üçün əlavə imkanlar yaratmaq olar”.

    Onun sözlərinə görə, Azərbaycanın turizm potensialı təkcə Bakı ilə məhdudlaşmır: “Təbiət turizmi, xizək turizmi, yürüş marşrutları, sağlamlıq turizmi və mədəni turizm kimi istiqamətlər inkişaf etdirilə bilər. Bunun üçün kiçik hotellər, ailə tipli qonaq evləri, restoranlar, peşəkar bələdçilər və digər xidmətlər formalaşdırılmalıdır. Turistlərin gedəcəyi məkanlar təhlükəsiz, cəlbedici və zəruri xidmətlərlə təmin olunmalıdır”.

    Roland Prays vurğulayıb ki, ölkənin müxtəlif bölgələri turizm baxımından fərqli üstünlüklərə malikdir və hansı istiqamətlərin prioritet olacağı aidiyyəti turizm qurumları ilə birlikdə müəyyənləşdirilməlidir.

    “İnfrastruktur, xidmətlər, restoranlar və bələdçilər təmin olunduqdan sonra turistlər mütləq gələcəklər”, – o əlavə edib.

    Paylaş: