Ermənistan hökuməti keçmiş qondarma rejimin İrəvandakı “nümayəndəliyinin” binasını müsadirə etməyi düşünür.
Globalinfo.az xəbər verir ki, hazırda bu binada Qarabağdan qaçan separatçılar və onların “lideri” Samvel Şahramanyan yerləşiblər. Onlar binanı keçmiş separatçı rejimin “hökumət binası” kimi istifadə edirlər.
Ermənistan parlamentinin spikeri Alen Simonyan payız sessiyasının ilk iclasında bu binanın əhəmiyyətinin yenidən dəyərləndirilməli olduğunu bildirib:
“Qarabağın “yeni hökuməti” “köhnə rəhbərliyi” vəzifədən uzaqlaşdırmaqla rejimin sonunu sinidə təqdim etdi. Onlar Qarabağı verib, vertolyota oturub, Ermənistana qaçdılar. İndi gəlib burada – “Qarabağ nümayəndəliyində” toplanır və çalışırlar ki, bu günahı üzərilərindən atsınlar. Lakin bacarmayacaqlar. Biz bu binanın əhəmiyyətinə yenidən baxmalıyıq. Hesab edirəm ki, bina artıq bu cür şeylər üçün istifadə edilməməlidir”.
Əliyar Xəlil
Globalinfo.az