Qarabağdan sonra Azərbaycanın növbəti hədəfi – Qərbi azərbaycanlılar…

Ordumuzun keçirdiyi uğurlu lokal antiterror əməliyyatından sonra Xankəndi və ətraf ərazilərdə sürətli reinteqrasiya prosesi başladıldı. Bir çox dövlət qurumları bu gün Xankəndidə fəaliyyət göstərir. Mövcud vəziyyətdə Qarabağ probleminin geridə qaldığını demək olar. Lakin bir sıra yeni mövzular aktuallaşır. Misal üçün, Qərbi azərbaycanlıların öz tarixi torpaqlarına qaytarılması…

Sonuncu Brüssel görüşündə Prezident İlham Əliyevin bu mövzuda bəyanatı olmuşdu. Aİ prezidenti Şarl Mişel də bunu dəstəkləmişdi. Liderlərin sonuncu Brüssel görüşündə Qərbi Azərbaycan icması və onların qayıdışı məsələsi də müzakirə mövzusu olmuşdu.

Maraqlıdır, Qərbi azərbaycanlıların tarixi torpaqlara köçürülməsi məsələsi Bakının yeni gündəliyidir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib ki, Azərbaycan dövlətinin və dövlətçiliyinin yarandığı 1923-cü ildən bəri təhdid edən Qarabağ problemini birdəfəlik həll etdik:

Hikmət Babaoğlu

“Şübhəsiz ki, dövlətçilik yaddaşı və dövlətçilik ənənələri ilə hərəkət edən Azərbaycan Qarabağ iqtisadi regionunda yaşamaq istəyən ermənilər üçün xüsusi imkanlar yaratdı və bununla da bir daha hüquqi dövlət olmanın öhdəliklərini yerinə yetirmiş oldu.

Bugün bütün dünyanın gözü qarşısında Azərbaycanı könüllü şəkildə tərk etmək istəyən ermənilərə yardım edilir. Halbuki ermənilər 1988-1994-cü illərdə həm Qərbi azərbaycanlıları, həm də Qarabağda yaşayan azərbaycanlıları torpaqlarından amansız və vəhşicəsinə çıxardırdı. Bütün bunlara baxmayaraq Azərbaycan mülki erməni əhaliyə qarşı qisasçı hisslərlə yanaşmır.

Qərbi azərbaycanlıların öz tarixi torpaqlarına qayıtması hər hansı bir məsələ ilə bağlı deyil. Bu, tamamilə ayrı bir məsələdir. Buna görə də dövlətimiz gücləndikcə Qərbi azərbaycanlıların torpaqlarına qayıtması daha da yaxınlaşır.

Rəsmi Bakı Ermənistan ilə sülh müqaviləsinin bir bəndi olaraq Qərbi azərbaycanlıların torpaqlarına qayıdışını təmin etməyə çalışır. Altıncı Brüssel görüşünüdən sonra Şarl Mişel də məsələyə hüquqi qiymət verdi və konkret rəqəm açıqladı.

Nəticə etibarilə xalqımızın qarşıda duran milli çağırışlardan biri 250 mindən çox Qərbi azərbaycanlının öz tarixi torpaqlarına qayıtmasıdır ki, bu da həm tarixi ədalətin, həm də beynəlxalq hüququn bərpası mənasına gəlir”.

Turan Rzayev
Globalinfo.az