Son günlər Rusiya sülhməramlılarının müvəqqəti nəzarətindəki Azərbaycan ərazilərindən ermənilərin köç etməsi müşahidə olunur. Sentyabrın 16-da Laçın sərhəd-buraxılış məntəqəsindən keçməklə Gorus istiqamətində gedənlərin arasında Əsgərandakı erməni kilsəsinin keşişi Mesrob Mkrtçyan da görünüb.
O, ailəsi ilə birgə Qarabağı tərk etmək üçün növbəyə dayanıb. Maraqlıdır ki, keşiş Mkrtçyan əvvəllər separatçılarla birgə “biz Qarabağı heç vaxt tərk etməyəcəyik” deyirdi.
Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, Azərbaycan bayrağı altında, qanunlarımıza tabe olub yaşamaq istəməyən istənilən şəxs başqa ölkəyə gedə bilər:
“Biz erməniləri Qarabağa dəvət etməmişik. Buna baxmayaraq, onları qovmuruq da. Lakin istəsələr də, istəməsələr də, bayrağımız altında qanunlarımıza tabe olub yaşamalıdır.
Separatçılar və onları dəstəkləyənlər başa düşürlər ki, gec-tez məsuliyyətə cəlb ediləcəklər. Mesrob Mkrtçyan da separatizmə ən çox dəstək verən şəxslərdəndir. Özü də o bir ruhaniyə yaraşmayacaq şəkildə müharibə çağırışları edib. Halbuki heç bir səmavi din məcbur qalmadıqda müharibəni təbliğ etmir”.
Q.Hüseynli xatırladıb ki, Azərbaycan reallığında heç kim etiqadına görə mühakimə edilmir:
“Öldürülməsində isə söhbət belə gedə bilməz. Lakin vətənə xəyanət, separatizmə dəstək cinayətdir və bunun cəzası qanunlarımızda yazılıb. Prezident İlham Əliyev separatçılara açıq şəkildə təklif etdi ki, təslim olsunlar və amnistiyadan yararlansınlar. Görünür, çirkin əməllərindən əl çəkmək istəməyən separatçılar çıxış yolunu Azərbaycanı tək etməkdə görürlər. Bu bizim üçün problem deyil, istədikləri ölkəyə gedə bilərlər”.
Politoloq vurğulayıb ki, imkanı olan ermənilərin böyük bir qismi Qarabağı tərk edəcək:
“Bu, təbii prosesdir. Bütün ermənilərin Azərbaycan qanunlarını qəbul edib yaşayacağını gözləmirik. Buna görə də onların bir çoxu Qarabağı tərk edir, kasıb, aztəminatlı ermənilər isə qalır. Daha doğrusu, qalmağa məcbur olacaqlar.
Qabil Hüseynli
Mesrob Mkrtçyan kimi şəxslər belə insanları düşünmür, sadəcə insaları müharibəyə səsləyib, özləri kilsələrdə, monastrlarda dua edirlər. Bu mənada onun indiki məqamda Qarabağı tərk etməsi başadüşüləndir”.
Turan Rzayev
Globalinfo.az