Qarabağdakı ermənilərdən kimlərə rəhm ediləcək? – “Bakının iki yolu var”

 

Hazırda Ermənistan ordusunun qalıqları və separatçı qüvvələrin texnikaları ilə birlikdə Qarabağdan çıxarılması prosesi aparılır.

Rəsmi Bakı silahlarını təhvil vermiş ermənilərə ölkəni tərk etməyə icazə verəcək. Prezidentin köməkçisi Hikmət Hacıyev sonuncu bəyanatında bunu bir daha vurğuladı. Artıq silah və texnikanın təhvil prosesi başlasa da, bəzi silahlı qruplar müqaviməti davam etdirəcəklərini bildiriblər.

Bəs təslim olmayan silahlı separatçılarlarla bağlı Azərbaycan dövlətinin qərarı, rəftarı necə olacaq? Onları hansı aqibət gözləyir?

Mövzunu Globalinfo.az-a şərh edən beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli bildirib ki, sözügedən qüvvələrlə bağlı Bakının iki yolu var:

Əziz Əlibəyli

“Təslim olmayanaların aqibəti məlumdur. Ya canlı şəkildə ələ keçiriləcəklər, ya da müqavimət əsnasında zərərsizləşdiriləcəklər. Artıq prezidentin köməkçisi də bildirdi ki, amnistiya elan oluna bilər. Heç şübhəsiz ki, burada da əməlindən peşman olma prinsipi əsas götürülür. Bu mənada Qarabağdakı separatçıların davranışlarından asılı olaraq Azərbaycan tərəfinin iki yolu var: zərərsizləşdirmək və ya ələ keçirərək beynəlxalq hüquq prinsiplərinə əsasən mühakimə etmək. Təslim olma bu zaman yüngülləşdirici amil kimi qəbul edilə bilər. Bütövlükdə amnistiya olacaq, lakin bu, əli Azərbaycan əsgərinin və vətəndaşının qanına batanlara aid edilməyəcək”.

Ayşən Mustafa
Globalinfo.az