Qarabağda Türk dünyası ilə bağlı möhtəşəm plan – üçüncü lider kim olacaq?

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri yekunlaşsa da bir çox məqam diqqət çəkdi. Xüsusilə qeyd etmək lazımdır ki, Ş.Mirziyoyev səfər çərçivəsində işğaldan azad edilən əraziləri də ziyarət edib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan sonra Şavkat Mirziyoyev ikinci türk lideridir ki, Qarabağa səfər edir.

Özbəkistan Qarabağda de-fakto təmsil olunacaq. Bunun təməlləri qoyulub artıq. Özbəkistan prezidentinin maliyyə dəstəyi ilə Füzulidə Mirzə Uluqbəy adına 1 saylı orta məktəb inşa edilib. Prezidentlər məktəbin açılışında iştirak etdilər. Mirzə Uluqbəy Sərkərdə Əmir Teymurun nəvəsidir. Bu faktın özü də ciddi mesajlardan, dərin mətləblərdən xəbər verir.

Maraqlıdır, Özbəkistandan sonra Qarabağa hansı türk dövləti gələcək? Prezident İlham Əliyevin bu taktikası – Qarabağı türkləşdirməsi nə ilə bağlıdır? Bunlar hansı effekti verəcək? Bizə nə kimi divident gətirəcək? Qazaxıstan bu siyahıda 3-cü ola bilər?

Mövzunu Globalinfo.az-a şərh edən Azad Demokratlar Partiyasının sədri (AzDP), təhlükəsizlik məsələləri üzrə ekspert Sülhəddin Əkbər deyib ki, yaxın tariximiz və görünən gələcək bizə bütün türk dövlətləri ilə münasibətlərin inkişaf etdirilməsini diktə edir:

Sülhəddin Əkbər

“Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra Türkiyə ilə Şuşa Bəyannaməsini imzaladı. Bununla da münasibətlərimiz siyasi müttəfiqlik səviyyəsinə qalxdı. Daha sonra TDT-nın yaradılması və öncəsində baş verən proseslər geopolitik perspektivimizin əsasını təşkil edir.

Bu gün türk dövlətləri içərisində Türkiyədən sonra Qazaxıstanın, Özbəkistanın və Türkmənistanın imkanları genişdir. Qırğızıstan nisbətən kasıb ölkədir. Özünün yardıma ehtiyacı var. Bununla belə bu ölkə başçılarının Qarabağa səfər etməsi, görülən işlərlə yaxından tanış olması simvolik də olsa mühümdür. Yəni şərt deyil ki, bütün ölkələr Özbəkistan kimi məktəb tiksin.

Türk dövlətlərinin Qarabağda aktivləşməsi Azərbaycan cəmiyyətində də müsbət qarşılanır. Türk dövlətlərinin Qarabağa marağının artması şübhəsiz ikili və çoxtərəfli münasibətlərin inkişaf dinamikasına müsbət təsir göstərəcək”.

Turan Rzayev
Globalinfo.az