Qarabağda rus hərbçilərini kim güllələdi? – Qorxunc ssenari təkrarlandı

***20.09.2023  23:07

Azərbaycan Ordusunun həyata keçirdiyi antiterror tədbirləri uğurla yekunlaşdı. 1 sutka tamam olmadan separatçılar təslimiyyət bayrağını qaldırdı. Şərtlərimizi qəbul etdiklərini bildirdilər.

Bu, Azərbaycan diplomatiyasının, siyasətinin və hərbisinin möhtəşəm qələbəsidir. Artıq Qarabağdakı erməni icması rəsmi Bakı ilə danışıqlara hazır olduğunu bildirib. Sentyabrın 21-də erməni nümayəndələri Prezident İlham Əliyevin təyin etdiyi nümayəndə heyəti ilə danışıqlar aparmaq üçün Yevlax şəhərinə gələcəklər.

Amma prosesə çomaq soxan, onu zədələməyə çalışan, təxribat törədən qüvvələr var.
Sentyabrın 20-də Canyataq kəndi ərazisində Rusiya sülhməramlı kontingentinin müşahidə məntəqəsindən qayıdarkən rusiyalı hərbçilərinin olduğu avtomobil atıcı silahlardan atəşə tutulub.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Atışma nəticəsində avtomobildə olan iki rusiyalı hərbçi həlak olub.

Rusiya və Azərbaycan istintaq orqanlarının nümayəndələri hadisənin bütün hallarını aydınlaşdırmaq üçün yerində işləyirlər.

Tanış ssenaridir. 2020-ci ilin noyabr ayının 8-də, müharibənin bitməsinə saatlar qalmış, axşam saatlarında Naxçıvan səmasında Rusiyaya məxsus helikopterin vurulması çox ciddi rezonans yaratmışdı. Bu, Azərbaycan ictimaiyyətində narahatlığa səbəb olmuşdu. Məqsəd aydın idi: Rusiya ilə Azərbaycanın arasını vurmaq, prosesləri ölkəmizin əleyhinə çevirməyə cəhd göstərmək. O vaxt bu helikopterin Naxçıvan səmasında necə peyda olması suallar yaratmışdı.

2020-ci ilin noyabr ayının 9-dan 10-a keçən gecə Abşeron səmasında Rusiya istehsalı olan “İsgəndər” raketinin zərərsizləşdirilməsi də yaddaşlardan silinməyib. Hər iki hadisə Qarabağda Azərbaycanın qələbəsini zədələməyə hesablanmışdı.

İndi də Qarabağdakı Rusiya sülhməramlılarına məxsus maşın atəşə tutulub. İki rus hərbçi ölüb. Antiterror əməliyyatları başa çatar-çatmaz bu hadisənin baş verməsi ciddi təxribat əməlidir. Hədəf Rusiyanı Azərbaycanın üstünə qaldırmaq, Moskva ilə Bakının normal münasibətini pozmaqdır.

2020-ci ilin noyabrında Naxçıvan səmasında helikopteri vuran qüvvə ilə Canyataq kəndi ərazisində Rusiya sülhməramlı kontingentinin maşınına güllə atan eyni qüvvədir.

İnanırıq, Rusiya tərəfi 2020-ci ildə olduğu kimi bu dəfə də təmkinli olacaq, həqiqətin ortaya çıxması üçün lazım olan addımları atacaq.

Aydın Aslan
Globalinfo.az