Qarabağda antiterror əməliyyatları başlayır? – Politoloq tarixi açıqladı

Azərbaycanın Qarabağda son və həlledici antiterror əməliyyatlarına başlamağa hazırlaşması haqda iddialar səsləndirilir. Bəzi ekspertlər “Qisas-2” əməliyyatını bunun anonsu hesab edirlər.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, “Qisas-1” və “Qisas-2” əməliyyatları eynimotivli və məqsədyönlü əməliyyatlardır:

“Azərbaycan prosesin dinc yolla, diplomatik sferada həllinin tərəfdarıdır. Bunun ən bariz nümunəsi hazırda Moskva, Brüssel və Vaşinqtonda üç fərqli formatda bir məsələnin müzakirəsinə razılıq verməyimizdir. Bakı üçün məkanın heç bir əhəmiyyəti yoxdur. Biz real nəticə istəyirik.

Qabil Hüseynli

Yekun sülh müqaviləsinin hansı format tərəfindən əldə edilməsinin bizim üçün heç bir fərqi yoxdur. Rəsmi Bakını narahat edən məsələ prosesin uzanması, süni cəhdlərlə manipulyasiya edilməsidir. Bax belə hallar baş verdikdə Azərbaycan xəbərdarlıq mahiyyətli əməliyyatlar keçirir. Buna görə qeyd etdim ki, “Qisas-1” və “Qisas-2” əməliyyatları eynimotivli əməliyyatlardır”.

Politoloq hesab edir ki, prosesin sülh yolu ilə həlli Azərbaycandan çox, Ermənistana lazımdır:

“Rəsmi İrəvanın davranışları qeyri-müəyyən və anlaşılmazdır. Misal üçün Nikol Paşinyan parlamentdə çıxışı zamanı Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirsə də, son əməliyyatlar zamanı öldürülən erməni hərbçilərinin Ermənistan vətəndaşları olduğu aşkarlandı. Bu o deməkdir ki, Ermənistan hələ də Qarabağa hərbçi göndərir.

Rəsmi Bakı daha 30 il sülh prosesi adı altında danışıqlarda iştirak etməyəcək. Ən geci iki il daha bu proses davam edə bilər. Lakin Bakının səbri daşacaq və 44 günlük müharibədə olduğu kimi, hərbi yolla prosesi həll edəcək”.

Turan Rzayev
Globalinfo.az