Qarabağda antiterror əməliyyatları başlaya bilər – “Buna məcburuq, əks halda…”

Laçın postunda və Ermənistanda şərti sərhəddə vəziyyət gərgin olaraq qalır. Hazırda atışmanın davam etdiyi, iki erməni hərbçisinin zərərsizləşdirildiyi bildirilir. Qarşı tərəf Azərbaycan hərbçilərinin Ermənistana rus sülhməramlılarının dəstəyi ilə bayraq sancmaq istədiyini və bunun qarşısını aldığını iddia edir.

Bütün baş verənlər növbəti antiterror əməliyyatlarının keçirilməsi və bölgədəki vəziyyətlə bağlı bəzi sualların yaranmasına səbəb olur.

Həm Laçın yolu, həm də şərti sərhəddəki vəziyyət növbəti antiterror əməliyyatlarının başlamasına təkan verə bilərmi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan ehtiyatda olan polkovnik, hərbi ekspert İbrahim Rüstəmli bu məsələ ilə bağlı öncədən konkret mövqeyin ortaya qoyulduğunu bildirib:

“Həm ölkəmizdə yaşayan erməni sakinlərə, həm də Ermənistan əhalisinə Azərbaycanın birinci şəxsi tərəfindən çox ciddi mesajlar verilib. Bu mesajların böyük hissəsi xüsusilə bir zamanlar ermənilərin işğalı altında olan, indi isə Azərbaycanın 44 günlük müharibədə azad etdiyi torpaqlardan verilib. Azərbaycan Prezidenti açıq şəkildə bildirib ki, revanşist güclər, separatçılar sülh çağırışını cavabsız qoyub silahı buraxmayacaqları halda bunun nəticəsi ilə üzləşməli olacaqlar. Hətta Prezident çıxışında səsləndirdiyi amnistiya məsələsi də çox ciddi əhəmiyyətə malikdir.

Ölkəmizdə yaşayan erməni əhali Azərbaycan vətəndaşlığını qəbul edərək, qanunlarımıza tabe olmalıdılar. Əks təqdirdə, ciddi təbirlərin görüləcəyilə bağlı ölkə başçısı tərəfindən açıq mesaj verilib. Bu tədbirlər arasında antiterror əməliyyatları ilk sırada dayanır. Üçtərəfli razılaşmada da qanunsuz silahlı erməni birləşmələrinin ərazilərimizi qeyd-şərtsiz tərk etmələri nəzərdə tutulub”.

Müharibənin görünməyən qəhrəmanları-polkovnik-leytenant İbrahim Rüstəmli
İbrahim Rüstəmli

Ekspert yaxın zamanlarda antiterror əməliyyatlarının başlaya biləcəyini deyib:

“Bütün bunları nəzərə alaraq demək olar ki, Azərbaycan ən qıza zamanda antiterror əməliyyatları keçirməyə məcbur qalacaq. Biz 44 günlük müharibədə ermənilərin hərbi birləşmələrini, silahlı qüvvələrinin bütün infrastrukturunu, kommunikasiya xətlərini sıradan çıxardıq. İşğalçı ordunun döyüş qabiliyyətini sıfırın da alt qatına endirdik. Bu böyük bir uğur idi. Ümid edirəm ki, Azərbaycanın bu çağırışları cavabsız qalmaz. Ermənilər yarı yolda qalıb sülhə məcbur olmasınlar, buna ehtiyac qalmasın. İndidən Azərbaycan ərazisini tərk etsinlər. Bizim hazırkı vəziyyətdə antiterror əməliyyatları keçirmək haqqımız var. Bakı bundan sonra bölgədə ermənilərin hərəkətlərinə uyğun qərar verəcək. Azərbaycan 1990-cı illərdəki kimi deyil. Ermənilər öz səhvlərini anlamalıdırlar”.

Qeyd edək ki, Laçın postunun atəşə tutulması nəticəsində bir azərbaycanlı hərbçi yaralanıb, hazırda vəziyyəti stabildir.

Ayşən Mustafa
Globalinfo.az