Qarabağda baş verən son hadisələr, separatçılara silah-sursat daşınmasının görüntülərlə sübuta yetirilməsi növbəti antiterror əməliyyatlarının keçirilməsi ehtimalını gücləndirir. Bu olanlar göstərir ki, erməni separatçılarının, onların silahlı qollarının nəzarətsiz buraxılması sülhə ciddi təhdiddir.
Bəs yaxın zamanda Azərbaycan ordusu tərəfindən Qarabağda antiterror əməliyyatlarının keçirilməsi gözlənilirmi? Bu baş verərsə, bizi hansı nəticə gözləyir?
Mövzunu Globalinfo.az-a şərh edən politoloq Qabil Hüseynli Rusiyanın Qarabağ mövzusunda artıq açıq kartlarla çıxış etdiyini bildirib:
“Rusiya “Qarabağdan çıxmayacağıq!” işarələrini verməkdədir. Sülhməramlı adı altında bölgəyə yerləşdirilmiş silahlı qüvvələr də separatçıların, bütövlükdə ermənilərin yanındadır. Bu gün Rusiyanın kütləvi informasiya vasitələrini izlədikdə heyrətlənməmək mümkün deyil. Ölkə mediasında Qarabağın onların Cənubi Qafqazda qalmaları üçün açar rolunu oynadığı, buradan çıxmayacaqları açıq şəkildə qeyd edilir. Həmçinin ermənilərlə strateji müttəfiqliklərinin əbədi olduğunu vurğulayırlar.
Separatçıların da ünsiyyət tonu tamamilə dəyişib. Qondarma rejim Azərbaycanın onları tərəf kimi qəbul etməyəcəyi təqdirdə danışıqlarda iştirak etməyəcəklərini bildirir. İlkin olaraq da Laçın-Xankəndi yolundakı ekofəalların aksiyanı dayandırmalarını tələb edirlər. Sözün həqiqi mənasında başdan sona gülməli olan və Azərbaycanı diqqətli olmağa çağıran bu hadisələr göstərir ki, Qarabağ problemi ətrafında meydan yenidən qızışdırılır. Bunun isə əsas təşəbbüskarı Rusiyadır və artıq açıq kartlarla oynamağa başlayıb. Qarabağa gedən alternativ yol məsələsinin həllində də sülhməramlı adlandırılan qüvvələr vacib rol oynayırlar. Azərbaycan nümayəndələrinin Qarabağda yaşayan ermənilərlə görüşü zamanı da ruslar masada təkəbbürlü şəkildə bayraqları ilə birgə yer almışdılar. Sanki bu məsələdə hakim mövqedə olmaları fikrini əsaslandırmağa çalışırdılar. Onların əməllərinin nəticəsi isə göz qabağındadır”.
Politoloq bütün amilləri nəzərə alaraq antiterror əməliyyatlarının qaçılmaz olduğunu söyləyib:
“Bölgədə vəziyyət qarışıqdır, separatçı tör-töküntünün qalıqları ən azı 10-12 min nəfərlik heyətlə Qarabağdadır. Sülhməramlı adlanan qrup onları silah-sursat, ərzaq və digər lazımı vasitələrlə təmin edir. Həmçinin Laçın-Xankəndi yolu ətrafında da Rusiya öz oyunlarına davam etməkdədir.
Bir sözlə, Azərbaycanın mövcud vəziyyətdə antiterror əməliyyatları aparmaqdan başqa çarəsi yoxdur. Əsas məsələ rus sülhməramlılarının bölgədən çıxarılmasıdır. Düşünürəm ki, bunun üçün əlverişli məqam yetişəcək. Bəlkə, o zaman bu heyətin ərazilərimizdən tamamilə uzaqlaşdırılmasını təmin edə bilərik. Hazırkı vəziyyət çox mürəkkəbdir və bu məqamda dəqiq, bütün nüanslar nəzərə alınmaqla ölçülüb-biçilmiş bir siyasətin həyata keçirilməsi tələb olunur. Brüssel danışıqları da lazımı sürət toplaya bilmir, Nikol Paşinyanın oyunları bu prosesi ləngidir. Ona görə də Azərbaycan belə desək, barıtı quru saxlamalı və növbəti əməliyyatlara hazırlaşmalıdır”.
Ayşən Mustafa
Globalinfo.az