Azərbaycanı təxribata çəkmək üçün addımlar atılır – Qarabağdan həyəcanlı xəbərlər…

Ermənistanın Baş naziri Nikol Paşinyanın çərşənbə axşamı keçirdiyi mətbuat konfransı ölkə ictimaiyyətində birmənalı qarşılanmayıb. Bəziləri İrəvanın Qarabağdan separatçıların tamamilə çıxarılmasına dair Bakı ilə yaxın zamanda razılaşacağını, bəziləri isə bunun növbəti hərbi qarşıdurma ilə nəticələnəcəyini bildirir.

Paralel olaraq separatçılar sülhməramlılar vasitəsilə Qarabağa silah daşımağa davam edirlər. Həmçinin səngər qazdıqları, hərbi hissə yaratdıqları ilə bağlı görüntülər də yayılıb.

Son baş verən hadisələri və mövcud vəziyyəti nəzərə alaraq Qarabağda növbəti hərbi toqquşmaların gözlənildiyini deyə bilərikmi? Hazırda Azərbaycanın hansı addımları atması daha doğru olar?

Mövcud proseslərdə sülhməramlıların fəaliyyətini Globalinfo.az-a dəyərləndirən politoloq Yeganə Hacıyeva bildirib ki, Azərbaycan bu məsələdə lazımı addımları atacaq:

“Sülhməramlılar Qarabağda olduqları müddətdə Ermənistanın Azərbaycana qarşı bütün təxribatlarında müəyyən şəkildə iştirak ediblər. Əvvəllər buna Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərin xəritələri, sonra toponimlərimizin dəyişdirilməsilə bağlı məsələlər nümunə idi. 2021-ci ilin yay aylarında onların Qarabağa silah daşınmasında iştirakı ilə bağlı faktların aşkar edilməsi də bu siyahıya əlavə olundu. Azərbaycan tərəfi bütün məqamlarda sülhməramlı kontingentinə iradlarını bildirib, üçtərəfli bəyanatda qeyd edilən öhdəlik və məsuliyyətlərini xatırladıb. Amma təxribatların baş verdiyi ilk gündən bu birliyin müvəqqəti fəaliyyətinin bizi qane etmədiyini gördük. Bu istiqamətdə də lazımı addımları atacağıq.

Artıq Rusiya sülhməramlıları bölgəyə döyüş sursatı daşınmasına sadəcə göz yummur, həm də bunda birbaşa iştirak edir. Bu isə razılaşmaya əsasən onların öhdəliklərinə ziddir. Aydındır ki, bölgəyə döyüş sursatlarının daşınması müəyyən məqsədə əsaslanır. Bütün bunlar yaxın zamanda Qarabağda hərbi təxribatların baş verməsi ehtimalını gücləndirir”.

Yeganə Hacıyeva

Y.Hacıyeva ermənilərin Qarabağa silah daşımalarındakı əsas məqsədin planlanmış prosesə hesablandığını qeyd edib:

“Azərbaycan hərbi eskalasiyanın tərəfdarı deyil, bu, üzərimizə xarici dalğaların gətirilməsinə səbəb ola bilər. Əslində Qarabağa silah daşınmasında separatçı rejimin əsas məqsədi Azərbaycanı birbaşa təxribatlara cəlb etməkdir. Nəticədə beynəlxalq təşkilatların və fərqli qüvvələrin Azərbaycana qarşı mövqedə dayanması üçün əsaslar formalaşdırmağa çalışırlar. Biz isə bu konfiqurasiyada olmaq istəmirik. Amma bu, hərbi əməliyyatlar olacağı təqdirdə bizim öz legitim haqlarımızı yerinə yetirməyəcəyimiz mənasına gəlmir.

Azərbaycanı təxribata çəkmək üçün bir neçə istiqamətdə addımlar atılır. Biz isə prosesin siyasi müstəvidə həllinə maraqlıyıq ki, bu da bizə böyük dividentlər gətirir. Daxili proseslərdə də maksimum addımlar ataraq danışıqlar aparır, məsələnin həllinə nail olmağa çalışırıq. Yəni hərbi əməliyyatlar bizim üçün ən son seçimdir və vəziyyətin bununla nəticələnməsini istəmirik”.

Politoloq hazırkı prosesləri nəzərə alaraq hərbi əməliyyatlarla bağlı ehtimalları dəyərləndirib:

“Amma bölgəyə silah daşınması bizim təhlükəsizlik maraqlarımıza ziddir və bu döyüş sursatları nə zamansa separatçılar tərəfindən istifadə ediləcək. Belə olan halda Azərbaycan bu təxribata cavab verəcək. Ümumi dəyərləndirməyə nəzər saldıqda görürük ki, Bakı bu işin öhdəsindən ən yaxşı şəkildə gəlir. Sülhməramlıların və Ermənistan hakimiyyətinin separatçı rejimin statusunu qorumağa çalışmasına baxmayaraq, bu gün proses istədiyimiz şəkildə irəliləyir. Ümumilikdə prosesə nəzarət etməyin ən yaxşı yolu siyasi, diplomatik, informativ təzyiqlərlə yanaşı, həm də hərbi-texniki təzyiq göstərməkdir”.

Ayşən Mustafa
Globalinfo.az