Qarabağ üçün tarixi gün: İyunun 1-də nə baş verəcək?

İyunun 1-də Moldovanın paytaxtı Kişinyov şəhərində keçiriləcək Avropa Siyasi İcması sammiti çərçivəsində Azərbaycan və Ermənistan liderlərinin görüşü gözlənilir. Hər iki ölkə seqmentində bu görüşün sülh müqaviləsinin imzalanması ilə nəticələnə biləcəyi müzakirə edilir. Bu baxımdan Fransadakı səfirimiz Leyla Abdullayevanın çıxışı da diqqət çəkmişdi.

Paşinyan da Moskva görüşündən öncə belə bir fikir səsləndirmişdi. Amma bu gün parlamentdə jurnalistlərə açıqlamasında bunun mümkün görünmədiyini bildirdi.

İyunun 1-də sülh sazişinin imzalanması nə dərəcədə real görünür? Kişinyov sammitindən belə bir nəticə gözlənilə bilərmi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Milli Məclisin deputatı Naqif Həmzəyev Nikol Paşinyanın Moskva görüşündən sonra belə bir açıqlama verməsinin səbəbindən söz açıb:

“Artıq iki il yarımdır ki, müharibə başa çatıb və Azərbaycan Ermənistanla sülh razılaşmasının əldə olunması üçün real addımlar atır. Rəsmi İrəvan isə danışıqlar prosesinə mane olur, hər dəfə təxribatlar törədir. Bu günə kimi sülhün əldə olunmamasında əsas günahkar da məhz Ermənistan tərəfidir. Xüsusilə may ayı ərzində Vaşinqtonda, Brüsseldə və Moskvada baş tutmuş görüşlər zamanı sülhə daha da yaxınlaşdığımızın şahidi oluruq. İki ölkənin bir-birinə qarşı ərazi iddialarının olmaması, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi qəbul etməsi sülh danışıqlarında bir neçə maddə üzrə razılığın əldə olunduğunu deməyə imkan verir. Buna baxmayaraq sonuncu Moskva görüşü zamanı Ermənistanın Baş naziri Nikol Paşinyanın əsassız iddiaları və Azərbaycan Prezidenti İlham Əliyevin ona tutarlı faktlarla cavab verməsi Ermənistanı, xüsusilə də Nikol Paşinyanı növbəti dəfə çətin vəziyyətə saldı. Paşinyanın daxili auditoriyada xal qazanmaq üçün atdığı bu addımlar elə öz əleyhinə işlədi, onu məyus etdi. Nəticə olaraq Nikol Paşinyan son açıqlamasında Kişinyovda sülh müqaviləsinin imzalanmayacağını dedi.
Bəlkə də bu, prosesləri önləmək üçün söylənilən fikirdir. Amma istənilən halda tam mətn üzrə razılığın hələ də əldə olunmaması onu deməyə əsas verir ki, sülhə yaxınlaşsaq da, tam rəsmi razılaşmanın əldə olunması ehtimalı azdır. Çünki Nikol Paşinyanın əsas məqsədi öz hakimiyyətini qoruyub saxlamaqdır. Daxili auditoriyanı prosesə tam razı salmaq üçün ona bir az zaman lazımdır. Bütün bunlarla yanaşı Paşinyan çox gözəl anlayır ki, imzalanacaq hansısa bir sənəd çətin vəziyyətdə olan Ermənistanı irəli apara bilər. Türkiyə və Azərbaycanla əlaqələrin qurulması Ermənistan isqtisadiyyatını gücləndirə bilər. Ancaq hələ də daxili auditoriyada bunu anlamayan, revanşist fikirlərlə yaşayan ermənilər var”.

Natiq Həmzəyev 

Deputat yaxın zamanda sülh üzrə tam razılığın əldə olunmasının real görünmədiyini, amma Kişinyov danışıqlarında müəyyən nəticələrin əldə oluna biləcəyini deyib:

“Düşünürəm ki, Kişinyov danışıqları zamanı digər mübahisəli bəndlər üzərində də müzakirələr davam etdiriləcək. Hansısa baza sənədi imzalana bilər, amma yaxın dövrdə tam sülhün əldə olunmasından danışa bilmərik. Çünki ilk növbədə Azərbaycanın ərazisində qalan separatçılar buranı tam tərk etməlidirlər. Erməni silahlı dəstələri ərazilərimizdən tam şəkildə çıxarılmalıdır. Qarabağda yaşayan erməni vətəndaşlarımızla təmasları daha da aktivləşdirməliyik. Həmçinin Ermənistanın bu proseslərə müdaxiləsi sıfıra endirilməlidir. Eyni zamanda sərhədlərin hansı xəritələrə əsasən müəyyənləşməsi məsələsi də yekun həllini tapmalıdır. Ermənistan ərazisində qalan kəndlərimiz qeydsiz-şərtsiz Azərbaycana qaytarılmalıdır. Qarabağ və Şərqi Zəngəzurda ərazilərimizə dəymiş ziyana görə Ermənistan təzminatı ödəməlidir. Bu cür mübahisəli məsələlərin öz həllini tapması vacibdir.

Hesab edirəm ki, Kişinyov danışıqları bu məsələlər ətrafında davam etdiriləcək. İstənilən halda Azərbaycan öz mövqeyində qətidir. Prezident İlham Əliyevin Laçında səsləndirdiyi fikirlərdən belə qənaətə gəlmək olar ki, Azərbaycan bu prosesi sonlandırmağa yaxındır”.

Ayşən Mustafa
Globalinfo.az