ayaks qarabag 131

Sabah UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ” klubu Tofiq Bəhramov adına Respublika Stadionunda İngiltərənin “Nyukasl” komandası ilə qarşılaşacaq.

Oyunla bağlı gözləntilər nədir? Komandamızın şansları necə qiymətləndirilir?

Globalinfo.az-a danışan idman jurnalisti Kənan Məstəliyev deyib ki, “Qarabağ“dan gözləntilər kifayət qədər yüksəkdir:

“Şübhəsiz, rəqib həm tarixi, həm də maliyyə imkanları baxımından çox güclü komandadır. Böyük ənənəyə malik klubun heyət dəyəri təxminən 750 milyon avro civarındadır ki, bu da “Qarabağ”la müqayisədə dəfələrlə artıq göstəricidir. İngiltərə Premyer Liqasında çıxış etmələri də onların səviyyəsindən xəbər verir. Təbii olaraq, Bakıya favorit statusunda gəlirlər. Bununla belə, futbol meydanında hər şeyi büdcə və ad həll etmir. Güc balansı tam bərabər olmasa da, tərəflər arasındakı fərq mübarizə aparmağa imkan verir”.

K.Məstəliyevin fikrincə, “Qarabağ”ın bu qarşılaşmadan qalib ayrılmaq ehtimalı var:

Qarabağ” belə komandalarla çox qarşılaşıb və təcrübəsi var. Üstəlik, heyətdə ciddi itkilərin olmaması komandanın üstün cəhətlərindəndir. Rəqib komandada isə müəyyən problemlərin olduğu bildirilir və bu da əlavə üstünlük yarada bilər. Əgər “Qarabağ” Qurban Qurbanovun rəhbərliyi altında alışdığımız kollektiv, intizamlı və təmkinli oyunu sərgiləyə bilsə, uğurlu nəticə əldə etmək mümkündür. Şans böyük olmasa da, realdır. Xüsusilə Bakıdakı qarşılaşmada azarkeş amili də komandanın xeyrinə işləyə bilər. Bu səbəbdən komandaya inanmaq və güvənmək üçün əsas var. Futbolda hər şey mümkündür və “Qarabağ” bunu dəfələrlə sübut edib”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: