44 günlük müharibənin ən məşhur ermənisi: o qadın indi haradadır? – FOTOLAR

Azərbaycan Vətən müharibəsini təkcə cəbhədə deyil, informasiya meydanında da qalibiyyətlə başa vurdu. Buna baxmayaraq, son vaxtlar ermənilər informasiya cəbhəsində yenidən aktivləşməyə başlayıblar. Onların bu cəhdi informasiya cəbhəsində xüsusi canfəşanlıq göstərən ermənilərdən birini – Ermənistan Müdafiə Nazirliyinin keçmiş mətbuat katibi Şuşan Stepanyanı yada salır.

2020-ci il Tovuz döyüşləri və 44 günlük Vətən müharibəsi müddətində Baş nazir Nikol Paşinyan, separatçıların lideri Araik Arutyunyan, Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan və mətbuat katibi Şuşan Stepanyan Azərbaycanda və regionda diqqətlə izlənildi. Xüsusilə Şuşan Stepanyanın hər dəfə saxta məlumat və görüntülər yayması, amma Azərbaycan Müdafiə Nazirliyi tərəfindən ifşa olunması sosial şəbəkələrdə maraqla qarşılanırdı.

Bəs müharibədən sonra “Hadrut qaçqını” kimi yadda qalan Şuşan Stepanyan indi haradadır? 

Globalinfo.az xəbər verir ki, Şuşan Stepanyan 1988-ci il 8 avqusta Xocavənd rayonunun Hadrut qəsəbəsində anadan olub. Orta məktəbi burada başa vurduqdan sonra İrəvan Dövlət Universitetində Jurnalistika üzrə ali təhsil alıb. O, fəaliyyəti müddətində bir neçə erməni KİV-də hərbi jurnalist olaraq fəaliyyət göstərib. Almaniya və Hollandiyada bu sahə üzrə təlim keçib.

Stepanyanın hərbi sahəyə marağının olması heç də təsadüfi deyil. Onun atası Birinci Qarabağ müharibəsinin qatillərindən olan Şahen Stepanyandır. O, xüsusilə Hadrut və Füzulinin işğalında iştirak edib.

Şuşan Stepanyan 2020-ci ilin mart ayında Müdafiə Nazirliyinin mətbuat katibi vəzifəsinə təyin edilib. Onun bu vəzifəyə təyinatının arxasında Ermənistan Müdafiə Nazirliyinin ölkədə Mərkəzləşdirilmiş Məlumat Mərkəzindəki təmsilçisi Artsurun Ovannisyanın olduğu deyilir. Belə ki, uzun illərdir Stepanyan və Ovannisyan arasında şəxsi münasibətin olduğu, onun sevgilisinin dəstəyi ilə belə bir vəzifəyə təyin edildiyi iddia olunub.

Erməni mediası bildirir ki, doğulduğu Hadrut qəsəbəsinin 2020-ci il oktyabrın 9-u Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilməsi Stepanyanda psixoloji çöküşün başlamasına səbəb olur. “Yenilməz erməni ordusu” mifini inadla təbliğ edən Stepanyan bir müddət Hadurutun azad edilməsi xəbərini təkzib etsə də, sonradan bu həqiqəti qəbul edir, lakin qəsəbənin “geri qaytarılacağına” ümid etdiyini bildirir. Şuşanın işğaldan azad olunması, ardınca 10 Noyabr sənədinin imzalanması onun Ermənistan cəmiyyətindəki nüfuzuna ağır zərbə vurur. Bir neçə gün sonra – noyabrın 20-si Stepanyan müdafiə naziri David Tanoyanla eyni gündə istefa verdiyini açıqlayır. O, müharibəyə emosional yanaşdığını, Ermənistanın məğlubiyyətini şəxsi itkisi hesab etdiyini deyir və buna görə çox məyus olduğunu bildirir.

İrəvandan şok Şuşa etirafı: Geri çəkilsək də...

Bundan sonra Stepanyanla sevgilisi Ovannisyan arasında münasibətin bitdiyi xəbərləri yayılır. Şuşan baş verənlərə görə sevgilisini qeyrətsizlikdə, ordunu isə qorxaqlıqda ittiham edir. Nəticədə onların arasında hətta əlbəyaxa dava düşdüyü də deyilir.

Maraqlıdır ki, səs-küylü istefadan 3 ilə yaxın vaxt keçməsinə baxmayaraq, Stepanyandan xəbər yoxdur. Onun adı heç bir media orqanında çəkilmir, imzası görünmür. Sosial şəbəkə hesablarında son paylaşım isə 3 il öncəyə aiddir. Haqqında hər hansı informasiya, vəziyyəti ilə bağlı bir məlumat yoxdur. Onun aqibətinin necə olduğu bəlli deyil.

Ayşən Mustafa
Globalinfo.az