Qarabağ erməniləri ilə görüşən Azərbaycan nümayəndəsi kimdir? – Politoloqdan cavab

“Lavrov “mövcud vəziyyətlə bağlı Azərbaycan nə düşünür?” sualına cavab axtarmalıdır. Azərbaycanın nə düşündüyünü və nə istədiyini isə erməni separatçılarının “lider”i Araik Arutyunyan öz tərəfdarlarına izah edib”.

Bu sözləri Globalinfo.az-a politoloq Elxan Şahinoğlu Rusiyanın xarici işlər naziri Sergey Lavrovun ötəngünkü müsahibəsində “Azərbaycanla Qarabağ erməniləri arasında görüş olub” sözlərini şərh edərkən deyib.

E.Şahinoğlu qeyd edib ki, indiki məqamda rəsmi Bakını 3 əsas məsələ düşündürməlidir:

“Birincisi, Ruben Vardanyan Qarabağı tərk etməlidir;

İkincisi, separatçılar mədənlərdəki işi dayandırmalıdırlar;

Üçüncüsü, Laçın dəhlizinin Rusiya sərhəd-keçid məntəqəsində rentgen skaner cihazları quraşdırılmalı və yüklərə nəzarət edənlər arasında Azərbaycan nümayəndəsi olmalıdır;

Dördüncüsü, separatçılara məxsus ağır hərbi texnika bölgədən çıxarılmalıdır.

Aydın məsələdir ki, Araik Arutyunyan və onun separatçı ətrafı rəsmi Bakının bu tələblərini yerinə yetirməyəcək. Çünki o düşünür ki, tələblər yerinə yetirilsə də, yetirilməsə də dəhliz açılmayacaq. Bəli, separatçılar üçün bundan da çətin günlər qarşıdadır. Rəsmi Bakının Rusiya hərbi kontingenti vasitəsilə separatçılara göndərdiyi iddia edilən tələblər prosesin başlanğıcıdır. Bundan sonra başqa tələblər irəli sürüləcək”.

“Qarabağ erməniləri ilə görüşən Azərbaycan nümayəndəsi kimdir?” sualına cavab verən politoloq vurğulayıb ki, Lavrovun dediklərinə əhəmiyyət vermək lazım deyil:

“Onun nə düşündüyü bizi maraqlandırmamalıdır. Qarabağ Azərbaycanın daxili işidir”.

Turan Rzayev
Globalinfo.az