“Qarabağ” “Braqa”nı keçə biləcəkmi? – Ekspertin versiyası

“Qarabağ”ın səfərdə “Braqa” üzərindəki 4:2 hesablı qələbəsi bizdə arxayınlıq yaratmamalıdır”.

Globalinfo.az xəbər verir ki, bu sözləri əməkdar jurnalist Aydın Bağırov deyib.

Onun sözlərinə görə, Portuqaliyada “Braqa” komandası üzərində çox güclü təzyiq var – həm klubun rəhbərliyi, həm azarkeşlər, həm də media səviyyəsində:

“Qarabağ”la cavab matçındakı mümkün uğursuzluq baş məşqçi Artur Jorjenin istefası ilə də nəticələnə bilər. Bir detalı da unutmayaq: rəqib Avropanın ən güclü 7-ci liqasının təmsilçisidir, bu mövsüm “Real”, “Napoli”, “Union” (Berlin) kimi komandalarla ÇL-də bir qrupda yarışıb. Hər həftə yerli liqada səviyyəli komandalarla qarşılaşır. Onlar səviyyəsindəki komandaları çoxu ilə Azərbaycan çempionatında oynamağı “Qarabağ” ancaq arzulaya bilər. Düzdür, Ağdam klubu bu gün tarixinin ən güclü mərhələsindədir. Amma Azərbaycanla Portuqaliya futbolu arasındakı müqayisəolunmaz fərq yaddan çıxmamalıdır. Eləcə də bu incə detal: “Braqa”nın bir oyunçusunun dəyəri – hansı ki, 20 milyon avro qiyməti var – “Qarabağ”ın illik büdcəsindən (15-16 milyon avro) çoxdur”.

A.Bağırov deyib ki, azarkeş çoxluğundan fərqli olaraq, “Qarabağ” bir klub və komanda olaraq ilk matçdakı qələbənin eyforiyasında deyil:

“Baş məşqçidən tutmuş futbolçulara qədər “Qarabağ”ın hər bir üzvü Bakıdakı cavab matçının daha çətin olacağının fərqindədir. Taktiki mənada da Qurban Qurbanovun böyük dəyişikliyə gedəcəyinə inanmıram. Fikrimcə, 2 top fərqli səfər qələbəsi o demək deyil ki, “Qarabağ” bu gün müdafiədə oturacaq. Rəqib davamlı təzyiq etsə belə, bizimkilər buna əks-hücumlarla cavab verəcək. Nəticənin necə olacağına gəlincə, bəli, oyununun sonunu gözləyək. “Qarabağ”ın hücumçusu Juninyonun fikrinə qatılıram: şanslar 50/50-dir. İndidən isə “Qarabağ”a yalnız uğur arzulamaq qalır. Və 12-ci oyunçusundan güclü dəstək gözləmək”.

Qeyd edək ki, “Qarabağ” – “Braqa” qarşılaşması bu gün saat 21:45-də  Tofiq Bəhrəmov adına Respublika stadionunda baş tutacaq.

Zaira Akifqızı
Globalinfo.az