Tanınmış politoloqun evi söküldü – Deputatdan reaksiya

“Azərbaycanda müəyyən tikinti şirkətlərinin icazə almadan söküntü və tikinti işləri apardığı hər kəsə məlumdur”.

Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Qüdrət Həsənquliyev martın 5-də keçirilən plenar iclasda deyib.

Deputat bildirib ki, çox sayda qanunsuz fəaliyyət göstərən tikinti şirkətləri var:

“İndi heç bir dövlət orqanları bu şirkətlərin fəaliyyətini dayandırmaq gücündə deyil. Məsələ ilə bağlı çıxarılan məhkəmə qərarları da icra olunmur. Dövlət ehtiyacları üçün mülkiyyətin özününkiləşdirilməsinə sadəcə öncədən onun dəyərini ödəməklə yol vermək mümkündür. Bəzi tikinti şirkətləri onlara heç kimin toxunmayacağına arxayındırlar. Lakin bilmirlər ki, onlar fəaliyyətlərinə görə Allahın qəzəbinə düçar olacaq və qan qusacaqlar”.

Deputat qeyd edib ki, bir müddət əvvəl Mətbuat Şurası İdarə Heyətinin üzvü, politoloq Elçin Mirzəbəylinin həyat yoldaşı və baldızının adına olan evi sökülüb.

Ayşən Mustafa
Globalinfo.az