Moskva və Bakı 2024-cü ilin dekabrında Aktau yaxınlığında Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin qəzaya uğraması ilə bağlı bütün məsələləri nizamlayıb.
Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin RTVI telekanalına müsahibəsində bildirib.
Diplomat məsələnin həssaslığını nəzərə alaraq qeyd edib:
“Faciənin nəticələri ilə bağlı bütün məsələləri həll etmişik. Amma bu hadisə ağır itkilər verən konkret şəxslərin taleyinə aid olduğu üçün təfərrüatlar barədə ətraflı danışmağı məqsədəuyğun hesab etmirəm”.
Xatırladaq ki, Bakı-Qroznı marşrutu ilə uçan AZAL-a məxsus sərnişin təyyarəsi 2024-cü il dekabrın 25-də Çeçenistanda Rusiyanın hava hücumundan müdafiə sisteminin hücumuna məruz qalıb. Bundan sonra Qroznı hava limanına enişinə icazə verilməyən və uçuş istiqaməti məcburi dəyişdirilən təyyarə Qazaxıstanın Aktau şəhərində yerə çırpılıb. Olay nəticəsində 38 nəfər həlak olub, 29 nəfər yaralanıb.