Qalmaqal: Türkiyədən gələn 60 jurnalistlə bağlı o qərarı kim verib? – VİDEO

Azərbaycanda səfərdə olan 60 türkiyəli jurnalistin Bakıda qarşılaşdığı mənzərə ciddi müzakirələrə səbəb olub.

Globalinfo.az xəbər verir ki, Türkiyə Jurnalistlər Federasiyasının rəhbəri Yılmaz Karacanın rəhbərlik etdiyi heyət qaldıqları oteldə ciddi problemlə üzləşib.

Jurnalistlərin Diasporla İş üzrə Dövlət Komitəsinin dəvəti ilə ölkəmizə səfər etdiyi, lakin son anda Komitənin qonaqları qarşılamaqdan və qonaqlamaqdan imtina etdiyi deyilir. Bu səbəbdən də heyətin çətin vəziyyətdə qaldıqları bildirilir.

Belə ki, jurnalistlərə qaldıqları oteldə yemək verilməyib, üstəlik, əlavə ödəniş tələb edilib. İddia olunur ki, komitə nümayəndələrindən biri həmin jurnalistlərin Diaspor Komitəsinə müxalif hesab etdikləri kanalla əməkdaşlıq etdikləri üçün bu addımı atdıqlarını bildirib. Daha sonra jurnalistlər bununla bağlı komitəyə öz narazılıqlarını bildiriblər.

O da bildirilir ki, Türkiyədən gələn nümayəndə heyətinin səfər proqramı da ləğv edilib. Onların Şuşa daxil olmaqla, işğaldan azad edilən ərazilərə səfərləri təşkil olunubmuş.
Məsələ artıq neçə gündür ki, mediada və sosial şəbəkələrdə müzakirə edilir. Bu haqda Reaksiya TV-nin rəhbəri Zaur Qəriboğlu da canlı efirdə danışıb.

Həmin videodan bir parçanı təqdim edirik.

Qeyd: İddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Ayşən Mustafa
Globalinfo.az