1065171 359

İran parlamentinin sədri Məhəmməd Bağır Qalibafın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ABŞ-la aparılan danışıqlara müdaxiləsindən sonra istefa verdiyinə dair məlumatlar yayılıb.

İddialara görə, Qalibaf həm vəzifəsindən gedib, həm də ABŞ-la danışıqlar qrupunu tərk edib. Analitiklərin fikrincə, bu məsələ İran daxilindəki güc balansının daha da sərtləşdiyini göstərir.

Globalinfo.az-a danışan araşdırmacı jurnalist Elnur Ənvəroğlu deyib ki, İranda hakimiyyət mərkəzləri arasında ciddi qarşıdurma yaranmaqdadır:

“İranda ümumiyyətlə Paydarla Reformistlər arasında bugünkü vəziyyətdə də belə hallar geniş müşahidə olunur.

Ümumiyyətlə, İran siyasətində rəsmi strukturlar bir tərəfdir, amma paralel güc mərkəzləri də var. Qalibafın geri çəkilməsi bir neçə səbəbdən ola bilər. Bunlardan ən əsası İran daxilində “iki dövlət” problemidir. Ölkədə formal olaraq hökumət, parlament, prezident, diplomatik komanda var. Amma paralel şəkildə SEPAH, Ali Rəhbər aparatına bağlı şəbəkələr, təhlükəsizlik institutları, ideoloji mərkəzlər – hamısı özlüyündə xarici siyasətə birbaşa təsir edir. Belə desək, danışıqlar masasındakı şəxslər həmişə son qərar verənlər olmur. Əgər SEPAH prosesə açıq müdaxilə edibsə, bu o deməkdir ki, siyasi komanda öz səlahiyyətlərinin zəiflədiyini görüb.

elnur enveroglu
Elnur Ənvəroğlu

Əslində, Qalibaf adi siyasətçi deyil. Sadaladıqda görmək olur ki, bu adam keçmiş SEPAH komandiri, sabiq Tehran meri, parlament sədri, hətta gələcək prezidentliyə potensial namizəd olan bir fiqurdur. Belə fiqur masanı tərk edirsə, bu, həm də, “Mən dekorativ iştirakçı deyiləm”, – mesajı ola bilər. Qalibaf düşünür ki, qərarları başqaları verəcəksə, məsuliyyəti o daşımamalıdır. Çünki İranda çox vaxt danışıqlar uğursuz olanda günah siyasi komandanın üzərinə yüklənir, sərt xətt tərəfdarları isə məsuliyyətdən yayınırlar. Buna görə də əgər nüvə danışıqları dayanıb və regional gərginlik artıbsa, həmçinin iqtisadi sanksiyalar da davam edirsə, təbii ki, Qalibaf bu yükün altında qalmaq istəməyə bilər. Yəni onun hazırkı vəziyyətdə kənara çəkilməsinin səbəbi məhz bu ola bilər”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: