Qanunsuz söküntü işləri ilə bağlı saxlanılan “Melissa Group” tikinti şirkətinin sahibi Qalib Məmmədova verilən ittiham məlum olub.
Globalinfo.az “Report”a istinadən xəbər verir ki, Qalib Məmmədova Cinayət Məcəlləsinin 186.2.2-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə, yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham verilib.
İttiham öz təsdiqini taparsa təqsirləndirilən şəxs üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Xətai rayon Məhkəməsində Qalib Məmmədovun müdafiəçiləri tərəfindən verilən ev dustaqlığı ilə bağlı vəsatət rədd edilib və onun barəsində 1 ay müddəti həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə iş icraçısı və ekskavotorun sürücüsü Eynullayev Qala Seymur oğluda məsuliyyətə cəlb olunub. Ona da eyni ittihamlar verilib və Xətai rayon Məhkəməsi onun barəsində təqdimat daxil olub. Yaxın vaxtlarda onun da barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılacaq.
Xatırladaq ki, martın 27-də tikinti şirkətinin əməkdaşları Yasamal rayonu Birinci Alatava massivi Abdulvahab Salamzadə küçəsi 118B ünvanında sakinlər içəridə ola-ola söküntü işləri aparıb. Söküntü zamanı yaşayış olan evlər ekskavator vasitəsilə dağıdılıb. Hadisə nəticəsində ev sakinlərindən xəsarət alanlar olub.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yaydığı məlumata görə, söküntü işləri müvafiq icazə olmadan aparılıb.
Faktla bağlı söküntü işləri aparan şirkətin iş icraçısı və ekskavator sürücüsü saxlanılıb, cinayət işi açılıb. Eyni zamanda Q.Məmmədov martın 28-si faktla bağlı açılan cinayət işi çərçivəsində saxlanılmışdı.
***
Alatavada qanunsuz söküntü işləri ilə bağlı saxlanılan “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədovla bağlı məhkəməyə təqdimat daxil olub.
Globalinfo.az APA-ya istinadla xəbər verir ki, təqdimata Xətai rayon Məhkəməsində hakim Aygün Həsənovanın sədrliyi ilə baxılıb.
İstintaq orqanının təqdimatı təmin olunub və Qalib Məmmədov barəsində 1 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, martın 27-də Bakı şəhəri, Yasamal rayonu, Alatava ərazisində söküntü işləri aparan tikinti şirkətinin iş icraçısı və ekskavator sürücüsü saxlanılıb.
Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi açılıb. Daha sonra hadisə ilə bağlı “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov saxlanılıb.