Putinin səfərbərlik elan etməməsinin gerçək səbəbi

“ABŞ-ın Müharibə Araşdırmaları İnstitutundan bildirilib ki, Rusiyanın yüzminlərlə əsgəri səfərbər etmək, o cümlədən onlara hazırlıq keçmək, texnika ilə təmin etmək imkanı yoxdur. Kreml ehtimal edilən növbəti səfərbərlik nəticəsində hakimiyyətinin sabitliyini itirəcəyindən narahatdır. Həmçinin qeyd olunub ki, Rusiya Ukraynada döyüş tanklarının yarısını itirib”.

Globalinfo.az xəbər verir ki, bunu siyasi şərhçi Kənan Novruzov qeyd edib.

O, Kreml daxilində Rusiya Silahlı Qüvvələrinə etibarın tədricən azaldığını bildirib:

“Bunun əsas səbəbi isə ordunun uğursuzluqlarıdır. Rusiya ordusunun Baş Qərargah rəisi Valeri Gerasimovun döyüş əməliyyatlarına şəxsən rəhbərlik etməsi məhz orduya inamın azalmasının təzahürüdür. Yəni ölkədə səfərbərliyin ikinci dalğasının elan olunması mümkündür, amma səfərbərliyin ikinci dalğası barədə qərarın qəbulu Rusiya hakimiyyəti üçün risklidir. Çünki bu, daxildəki narazılığı artıracaq. Odur ki, Putin indi iki seçim arasında qalıb. O ya daxili sabitliyə, ya da döyüş meydanındakı ambisiyalarına üstünlük verməlidir.

Həmçinin nəzərə almaq lazımdır ki, Rusiya ordusunun texnikası da getdikcə tükənir. Ukraynadan fərqli olaraq Rusiyaya dəstək verilmir. Gələcəkdə hakimiyyət əleyhinə çıxışların olması da mümkündür. Çünki iqtidar səfərbərlik adı ilə xalqı ölümə aparır. Üstəlik, Qərbin rəsmi Moskvaya tətbiq etdiyi sanksiyalar daxili sosial durumu daha da ağırlaşdırır.

Beləliklə, Putin iki daş arasında qalıb. O bacardığı qədər hazırkı durumu uzatmağa çalışacaq. Lakin vaxt Kremlin əleyhinə işləyir. Proses belə davam edərsə, Putin riskə gedərək həlledici qərarı verməli olacaq”.

Ayşən Mustafa
Globalinfo.az