Putin Qarabağda iki hədəfinə çatdı: üçüncüsü bu idi – Politoloq

“Putin Cənubi Qafqazda müharibəni həm də ona görə dayandırmağa çalışıb ki, başqa dövlətlər Rusiyanı bölgədən sıxışdırmağa nail olmasınlar”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu qeyd edib.

Politoloq bildirib ki, Rusiyanın əsas məqsədi Azərbaycan Ordusunun uğurla irəliləməsinin qarşısını almaq olub:

“Ermənistanın Baş naziri Nikol Paşinyan İkinci Qarabağ müharibəsini araşdıran komissiyanın iclasında deyib ki, 44 günlük müharibə zamanı Rusiya Prezidenti Vladimir Putinlə 60 dəfə (?!) telefonla danışıb. Bir sıra hallarda danışıqların təşəbbüskarı Kreml sahibi olub. Bu rəqəmin özü göstərir ki, Rusiya prezidenti Azərbaycanı Ordusunun uğurla irəliləməsinin qarşısını almağa çalışıb və Qarabağda separatizm ocağının tam ortadan qaldırılmaması üçün Nikol Paşinyana təsir etməyə çalışıb ki, Azərbaycanın ilkin şərtlərini qəbul etsin. Putinin bu telefon danışıqlarında digər məqsədi nə yolla olursa-olsun bölgədə “sülhpərvər” adı ilə Rusiya ordusunu yerləşdirmək olub.

Putin birinci məqsədinə nail olur, Qarabağ separatçıları ağır zərbələr alsa da, varlıqlarını tam itirmədilər. Putin ikinci məqsədinə də nail olur, Rusiya hərbçiləri bölgədə yerləşdirilir. Putin üçüncü məqsədinə nail olmur, başda Türkiyə olmaqla Avropa İttifaqı və ABŞ Cənubi Qafqazda varlıqlarını göstərirlər. Biz 2 ildən sonra Rusiya hərbi kontingentini bölgədən çıxarmaqla, o cümlədən, separatçıların tərk-silahına nail olmaqla və Qarabağın tamamına nəzarəti ələ keçirməklə Kreml sahibinin müharibədə dönəmində əldə etdiyi hər iki uğuru heçə endirməliyik”.

Ayşən Mustafa
Globalinfo.az